DÜNYADAKI MƏŞHUR HƏRBİ MUZEYLƏR

Zəfər qazanmış bir çox ölkədə yaradılan hərbi qənimət parklarıyla tanış olun Bakıda Hərbi Qənimətlər Parkının yaradılması Ermənistanda və Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə barışa bilməyən dairələrdə etiraz doğurub. Lakin onların həzm edə bilmədikləri bu park nümunələrinə dünyanın əksər aparıcı ölkələrində də rast gəlmək olar.Ətraflı süjetimizdə. 30 il ərazilərimizi işğalda saxlayan və yüzlərlə kənd və şəhəri yer üzündən silmiş, dinc əhaliyə qarşı soyqırımı və deportasiya həyata keçirmiş işğalçı ölkənin əsgərlərinin olduğu kimi, yəni miskin nümayiş olunması “məğlubedilməz erməni ordusu” mifini illərdir xalqın beyninə yeridən erməni rəsmilərinin hiddətinə səbəb olub. Amma onların qəbul edə bilmədikləri bu park nümunələrinə dünyanın bir neçə ölkəsində rast gəlmək mümkündür. Zəfər qazanmış bir çox ölkədə olan hərbi qənimətlər parkının və hərb tarixi muzeyinin bir neçəsi ilə tanış olaq. 1. Bundesver Hərbi Tarix Muzeyi. (almanca: Militärhistorisches Museum der Bundeswehr). Bu muzey Drezdenin bir hissəsi olan Albertştadtdakı keçmiş hərbi arsenalda yerləşir. 2011-ci ildə muzey yenidən qurulub, daxili və xarici konsepsiyası dəyişdirilib. Burada alman hərb texnologiyasının inkişaf mərhələsi nümayiş etdirilir. Muzeyin Hərbi Texnologiyalar bölməsində üç əsas qrupa ayrılmış əşyalar nümayiş olunur. Bunlar böyük avadanlıqlar və döyüş sursatları, hərbi cihaz və avadanlıqlar, ölçü əsaslı nüsxələr və modellərdir. Muzeydə 800-dən çox quru, hava və hərbi dəniz texnikası, mindən artıq silah, raket və digər sursat növləri sərgilənir. 2. Ditsonq Milli Hərbi Tarix Muzeyi (Cənubi Afrika). Bu muzey rəsmi olaraq 29 avqust 1947-ci ildə yaradılıb. Açılış mərasimində ölkənin baş naziri nitq söyləyib və bildirib ki, bu muzey ölkənin inkişafına və dirçəlişinə yönəlmiş ən böyük mücadilə rəmzidir və mübarizədən bir xatirədir. Onun sözlərinə görə, sivilizasiyanı xilas etmək üçün apardıqları böyük mübarizədə oynadıqları rolla yanaşı, müharibə dəhşətlərini, insan itkisini və dağıntıları da bu muzey hər zaman xatırladacaq, hər kəsə bir xəbərdarlıq olacaq. Muzeydə həmçinin Cənubi Afrikanın İkinci Dünya müharibəsindəki iştirakından da bəhs edən eksponatlar yer alır. 1975-ci ildə muzeyin adı Cənubi Afrika Milli Hərbi Tarix Muzeyi olaraq dəyişdirilib və cənubi afrikalıların iştirak etdiyi bütün hərbi əməliyyatların tarixini əhatə edib.1999-cu ildə milli muzeylərin yenidən qurulması prosesindən sonra bura Milli Mədəniyyət Tarixi Muzeyi ilə birlikdə Şimali Flaqman İnstitutuna birləşdirilib və 2009-cu ildə Cənubi Afrika Muzeyləri adlandırılıb. Hazırda isə Ditsonq Milli Hərbi Tarix Muzeyi adlanır. Muzey Cənubi Afrikadakı bütün əsgər və qazilər üçün mənəvi və simvolik bir məkan kimi qəbul edilir. 3. Belçika Silahlı Qüvvələr və Hərb Tarixi Kral Muzeyi. Muzeyin əsası 19-cu əsrdə qoyulub. Buranın tikintisi ilə bağlı işlər 1875-ci ildə belçikalı memar Gedeon Bordiau tərəfindən reallaşdırılıb. 1888-ci ildə Yubiley Parkı adlanıb. Nümayiş salonlarının inşası 1890-cı ildə başlayıb. Lakin maliyyə problemləri səbəbindən bu, gecikir və 1897-ci ildə adi tikinti forması ilə tamamlanır. Muzeyin memarı Bordiaunun 1904-cü ildə ölümü tikinti işlərini bir qədər də gecikdirir. Daha sonra II Leopold fransız memar Çarlz Giraulta bu işi həvalə edir. Muzey 1905-ci il sentyabrın 27-də Belçikanın müstəqilliyinin 75-ci ildönümü münasibətilə açılır. Daha sonra 1910-cu il dünya sərgisi üçün düzəlişlər edilir və hərbi park hazırkı xüsusiyyətinə gətirilir. Dünya sərgisi üçün gənc zabit Luis Lekonte Belçikanın hərbi keçmişini əks etdirən təxminən yüz silah-sursatı bir araya gətirir və nümayiş etdirir. Hazırda muzeydə faşist hərbçilərin geyimləri, silahları qorunub saxlanılır. Bu gün Kral Hərbi Muzeyində 40 min kvadratmetri əhatə edən ən az beş böyük sərgi qalereyası yerləşir. Ölkəyə gələn turistlər buranı böyük həvəslə ziyarət edir, yeni nəsil keçmişdə faşistlərin az qala bütün dünyaya qarşı hansı texnikalarla döyüşdüyünün şahidi olur. 4. Florida Kissimmea Hərbi Tarix Muzeyi. Bu hərbi park ABŞ-ın Florida ştatında yerləşir. Muzeyin yaradılmasında əsas məqsəd insanlara azadlığın dəyərini aşılamaq və ölkənin hərbi keçmişini təqdim etməkdir. Bura Floridadakı veteranlara məxsus yeganə hərbi muzey sayılır. II Dünya müharibəsindən bugünkü hərbi qarşıdurmalara qədər olan bütün müharibələri əhatə edən bir çox eksponatlar və əsərlər bu muzeydə sərgilənir. 5. Vyana Hərb Tarixi Muzeyi (Heeresgeschichtliches Museum). Bura Avstriya Silahlı Qüvvələrinin aparıcı muzeyidir. Hərbi parkın binasının tikintisi1856-cı ildə tamamlansa da, içərisindəki işlər 1872-ci ilə qədər davam edib. Avstriyanın hərb tarixini özündə əks etdirir. Muzeydə silahlar, tanklar, hərbi təyyarələr, hərbi geyimlər, döyüş bayraqları, rəsmlər, medallar və fəxri nişanlar, fotoşəkillər, döyüş gəmisi modelləri və sənədlərdən ibarət olan geniş eksponatlar sərgilənir. Muzey Federal Hökumətə məxsus olsa da, Federal muzeylərə bağlı deyil, birbaşa olaraq Avstriya Müdafiə və İdman Nazirliyinə tabedir. Bura ən qədim hərbi muzeylər sırasında dayanır. Təqdim etdiyimiz nümunələr hərbi muzeylərin sadəcə bir neçəsidir.