DÖYÜŞ ŞÖHRƏTİ MUZEYİ

Naxçıvan həm zəngin tarixi abidələri ilə məşhurdur, həm də muzeylərinin sayına və zəngin eksponatlarına görə də öncül yerlərdən birini tutur.

Yaşı min illiklərlə ölçülən qədim diyar Naxçıvanda 30 muzey və muzey tipli müəssisə fəaliyyət göstərir. Bu muzeylərdə xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini əks etdirən 140 mindən çox maddi-mədəniyyət nümunələri mühafizə olunur. Ötən il Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümü ərəfəsində Naxçıvanda yeni bir muzey istifadəyə verildi. Naxçıvan hərbi şəhərciyində açıq səma altında yaradılan Döyüş Şöhrəti Muzeyi profilinə görə muxtar respublikada yaradılmış ilk muzeydir. 13 min kvadrat metr sahəni əhatə edən muzeyi gəzəndə insan sanki özünü döyüş meydanında hiss edir.