DÖVLƏT BAYRAĞIMIZ İĞDIRIN ƏN YÜKSƏK ZİRVƏSİNDƏ DALĞALANIR

Türkiyənin Təkaltı dağının zirvəsində Azərbaycan-Türkiyə dövlət bayraqları dalğalanıb. Türkiyənin Tuzluca rayonunda yerləşən Təkaltı dağına doğru Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçirilib.

Yürüşə rəsmi şəxslər, o cümlədən yerli ictimaiyyətin nümayəndələri, QHT və KİV təmsilçiləri qatılıblar.Yürüş İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin təşəbbüsü, İğdır Valiliyi ilə Azərbaycanın Qarsdakı Baş Konsulluğunun dəstəyi əsasında 1918-ci ildə Bakının bolşevik-daşnak işğalından azad olunmasının 101-ci ildönümü münasibətilə təşkil olunub.

Yürüşçülər Azərbaycan və Türkiyənin dövlət bayraqlarını, həmçinin Milli Qəhrəman Mübariz İbrahimovun portretini Ağrıdağı Dağçılıq və Təbiət İdman Növləri Klubu tərəfindən simvolik olaraq Milli Qəhrəman Mübariz İbrahimovun adı verilən zirvəyə qaldırıblar. Zirvədə Mübariz İbrahimovun portreti ilə yanaşı, dövlət bayraqlarımız Təkaltı dağın zirvəsində dalğalanıb.

Qeyd edək ki, Tuzluca rayonundan Təkaltı dağına gedən yol Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyır.

Azərbaycanın Qars şəhərindəki baş konsulu Nuru Quliyev açıqlamasında bildirib ki, Azərbaycan-Türkiyə qardaşlığını tərənnüm edən bu yürüş mənəvi birlik rəmzidir.

Yürüşçülər arasında yer alan Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hülusi Kılıç diqqətə çatdırıb ki, tədbirin 1918-ci ildə Bakının bolşevik-daşnak işğalından azad olunmasının 101-ci ildönümünə həsr olunması bir daha göstərir ki, iki xalqın qardaşlığı və dostluğu əbədi və sarsılmazdır.

Sentyabrın 17-də isə Azərbaycan və Türkiyədən olan rəsmi şəxslər və ziyalıların iştirakı ilə ölkələrimiz arasındakı tarixi qardaşlığa və vətənpərvərliyə həsr olunan konfrans keçirilib.