Quba şəhərində Milli Məclisin deputatı Vahid Əhmədov müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri və qazilər üçün iftar süfrəsi açıb. “Qurani-Kərim”dən
ayələrin və Ramazan duasının oxunması ilə başlanan iftar mərasiminə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları, din xadimləri və ictimaiyyətin digər nümayəndələri dəvət olunmuşdu. Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Millət vəkili Vahid Əhmədov qeyd etdi ki, insanları xeyirxahlığa, birliyə dəvət edən müqəddəs Ramazan ayını dünya müsəlmanları “12 ayın sultanı” adlandırırlar. “İftar süfrələrinin təşkil edilməsi ölkəmizdə gözəl ənənəyə çevrilib”, - deyən Vahid Əhmədov vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etdi. “Ordumuzun və xalqımızın sarsılmaz birliyi sayəsində tariximizə parlaq qəhrəmanlıq səhifəsi yazıldı. Quba Rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev çıxışında qeyd etdi ki, xalqımız Vətənimizin ərazi bütövlüyünün təmin olunması uğrunda mübarizədə şəhidlərimizin, qazilərimizin, müharibə iştirakçılarının rəşadət və şücaətlərini yüksək dəyərləndirir, müqəddəs Ramazan ayında şəhidlərimizin ailələrinə, qazilərimizə, müharibə iştirakçılarına, dövlətimizin başçısına və onun ailəsinə Uca Allahdan xeyir-dualar diləyirik. Sonra Qafqaz Müsəlmanları İdarəsinin Quba-Qusar-Xaçmaz rayonları üzrə qazisi Hacı Naib Səttarzadə Ramazan ayının fəzilətləri barədə söhbət açaraq, bu ayın insanlar arasında mənəvi saflığın tərənnümçüsü olduğunu qeyd etdi.Qeyd edək ki, Quba rayonunda şəhid ailələri və qazilər üçün iftar süfrələri davamlı olaraq təşkil ediləcək.