DAŞKƏNDDƏ ANARIN KİTABI TƏQDİM OLUNUB

Özbəkistan Yazıçılar İttifaqında Azərbaycanın Xalq yazıçısı Anarın Daşkənddəki “Tamaddun” nəşriyyatında özbək dilində nəfis tərtibatla çap olunan “Əlbəttə görüşərik” adlı kitabının təqdimat mərasimi keçirilib. 350 səhifəlik kitabı orijinaldan özbək dilinə tanınmış jurnalist və tərcüməçi, “Gülüstan” jurnalının Baş redaktoru Mamatkul Hazratkulov çevirib. Tərcüməçi kitaba geniş və əhatəli “Ön söz” də yazıb. Tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, yazıçı və şairlər, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, ədəbiyyatsevərlər, tələbələr iştirak edib.