Mineral suların təbii “muzeyi” adlandırılan Naxçıvan Muxtar Respublikasında 200-dən çox mineral və müalicəvi su mənbəyi var. Onlardan bir çoxu tərkibinə görə nadir sulardan hesab olunur.
Böyük debitə malik olan yeraltı sərvətlərdən biri də Darıdağ arsenli mineral suyudur.
Muxtar respublikanın Culfa şəhərindən 8-9 kilometr şimal-şərqdə, Darıdağın sıldırım yamacları arasında, dəniz səviyyəsindən 800-900 metr hündürlükdə yerləşən Şorsu dərəsində arsenli su bulaqları qaynayır. Arsenli su bir çox xəstəliklərin sağalmasında mühüm rola malikdir. Suyun tərkibinin araşdırılması hələ 1830-cu ildə Q.Boskoboynikov, 1868-ci ildə Arxilov və Sulkidze tərəfindən aparılıb, 1928-ci ildə isə Lanqvaqren bu suyun geoloji kəşfi ilə yanaşı, kimyəvi tərkibini də öyrənib. Sonralar Darıdağ suyunun kimyəvi, fiziki, balneoloji, müalicəvi və başqa xüsusiyyətləri Azərbaycan Elmi-Tədqiqat və Fiziki-Təbii Amillərlə Müalicə İnstitutunun, Azərbaycan Dövlət Tibb Universitetinin, Azərbaycan Milli Elmlər Akademiyasının Təbii Amillərlə Müalicə Bölməsinin əməkdaşlarından akademik M.Qaşqay, A.Qarayev, professor Ə.Əsgərov, M.Əfəndiyev, Ş.Həsənov və başqaları tərəfindən ətraflı araşdırılıb. Son dövrlərdə isə aşkar edilib ki, Darıdağ arsenli isti suyunda müalicə olunan xəstələr üçün müəyyən edilmiş bir seansın müddəti 10-12 dəqiqədən artıq olmamalıdır. Əks halda, ürək qan damarlarının genişlənməsi baş verər.
Darıdağ suyu karbonqazlı, mərgümüşlü, yüksək minerallaşdırılmış xlorlu-hidrokarbonatlı-natriumludur. Poşada Kudova, Almaniyada Dürkgeym, Rusiyada Sineqorsk sularının oxşarıdır. Lakin suyun tərkibindəki mineral duzların mütənasibliyi ilə Darıdağ suyu onlardan daha üstündür.
İnsan orqanizmində elə bir toxuma, üzv və sistem yoxdur ki, bu su ona müalicəvi təsir göstərməklə onun iş qabiliyyətinin bərpasına səbəb olmasın. Darıdağ suyu qanyaradıcı xüsusiyyətə malik olub, qan dövranı üzvlərinin fəaliyyətinə müsbət təsir edərək periferik qanın morfoloji tərkibini yaxşılaşdırır – leykositlərin faqositoz qabiliyyətini artırır, qanazlığını aradan qaldırır. Bu su ilə müalicə daxili ifrazat sistemini fəallaşdırır, vegetativ sinir fəaliyyətini gücləndirməklə mədə, qaraciyər, böyrək və ürək əzələsində mübadiləni sürətləndirərək onların funksional vəziyyətini normallaşdırır. Bu xüsusiyyətlərinə görə Darıdağ suyu mədə, öd kisəsi, qaraciyər və vegetativ sinir sistemi ilə əlaqəli başqa xəstəliklərin müalicəsində geniş tətbiq edilir.
Darıdağ suyunun maddələr mübadiləsinə təsirini öyrənən bir çox alimlər onun mübadilə pozğunluğundan yaranan artritlərə müalicəvi təsirini sübuta yetiriblər. Suyun təsirindən yaraların çirkdən tez təmizlənməsini, çətin sağalan yaraların qısa müddətə, həm də çapıqsız sağalmasını həkimlər onun antiseptik, faqositor və bakterisid qabiliyyəti ilə əlaqələndirirlər. Müəyyən edilib ki, mərgümüşün litium, brom, maqnezium, radioaktiv elementlər və başqa əhəmiyyətli maddələrlə müştərək təsiri maddələr mübadiləsinin bərpasına, periferik sinir sisteminin fəallaşmasına müsbət təsir göstərir.
Ona görə də Darıdağ arsenli suyundan müalicə məqsədilə geniş istifadə olunması muxtar respublikada müalicə turizminin inkişafına öz töhfəsini verir.