DADLI ŞAHTAXTI QOVUNU

Zəngin mədəniyyəti, möhtəşəm tarixi ilə tanınan muxtar respublikamız həmçinin təbiətinin al-əlvanlığı ilə, əvəzolunmaz nemətləri ilə də ad qazanıb.

Bu mənada qədim diyarımızda yetişdirilən meyvə-tərəvəzlərin, bostan bitkilərinin isə xüsusi rolu var. Ana təbiətimizin buranı özlərinə yurd-yuva etmiş insanlara bəxş etdiyi Naxçıvan duzu, göycəsi, onlarla bu kimi məhsullar içərisində Şahtaxtı qovunu da özünəməxsusluğu ilə seçilib. Bir zamanlar ad-sanı ölkə hüdudlarını aşan, hətta keçmiş SSRİ məkanında belə yüksək rəğbət göstərilən Şahtaxtı qovunu həmin dövrlərdə muxtar respublikamızın brendinə çevrilmiş məhsullardan biri idi. Qeyd edilən dövrlərdə Şahtaxtı qovununun onlarla növü əkilirdi. “Qızılburun”, “Göy həmkar”, “Sarı həmkar”, “Almatoxum”, “Ələmdar”, “Qocafəndi”, “Çubuq həmkar”, “Qara şineyvaz”, “Ağ şineyvaz” kimi növləri öz dadı, şirinliyi ilə yeyənləri həmişə məst edib.