CƏNUBİ QAFQAZDA İLK BİOSFER REZERVATI AZƏRBAYCANDA YARADILIR

Qoruqdan fərqli olaraq biosfer rezervatın ərazisinə ekoturistlərin girişi açıq olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidməti biosfer qoruğunun yaxın qonşularımız Türkiyə, Rusiya, Belarusda da mövcud olduğunu, lakin Cənubi Qafqaz regionunda ilk dəfə Azərbaycanda yaradılacağını bildirib .Qeyd olunub ki, bununla da bölgədə ekoloji və kənd turizminin stimullaşdırılmasına, əhalinin sosial-iqtisadi rifahının yüksəldilməsinə şərait yaranacaq. Biosfer rezervatda müasir tələblərə cavab verən infrastruktur qurulacaq, alternativ və bərpa olunan enerji mənbələri ilə təmin olunacaq. Eyni zamanda, burada ekoloji təmiz məhsulların istehsalı üçün təsərrüfat yaradılacaq: “Biosfer rezervatın özəlliklərindən biri də odur ki, burada istehsal olunan orqanik məhsullar qoruğun loqosu ilə qablaşdırılacaq və bir sıra ölkəyə ixrac olunan zaman gömrük rüsumundan azad olunacaq. Həmçinin layihə çərçivəsində ətraf ərazilərdə təsərrüfat fəaliyyəti ilə məşğul olan şəxslərə kiçikhəcmli qrantların verilməsi də planlaşdırılır”. Xatırladaq ki,layihə Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşdirilir və icra müddəti 4 ildir.