Pandemiyadan zərər çəkmiş sahələrdə iş yerlərinin sayının azaldılmasının qarşısının alınmasına hesablanmış bu proqram 300 min işçi, 42 min işəgötürən və bundan əlavə, təxminən 300 min fərdi və ya mikro sahibkarı əhatə edəcək.
Bunun üçün zərərə məruz qalmış sahələr və zəruri meyarlar müəyyənləşdirilib. Dövlət muzdlu işçilərin əməkhaqqının saxlanmasına 215 milyon manat həcmində maliyyə dəstəyi ayırıb. Bu məbləğ iki bərabər hissəyə bölünərək aprel və may aylarında ödəniləcək. Bu ödənişlərin üstünə həm də dövlət sosial sığorta ayırmaları da hesablanaraq ödəniləcək. Əsas məqsəd hər bir işçinin gələcək sosial müdafiəsi təmin edilməsidir ki, perspektivdə pensiya ilə bağlı hər hansı problem yaşanmasın. Ötən gündən həm də mikro və fərdi sahibkarlara da ödəniş proqramına start verilib: “300 min fərdi sahibkara dövlət tərəfindən 80 milyon manat həcmində maliyyə dəstəyi ayrılıb. Bu maliyyə yardımı 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş vergi ödəyicilərinə şamil edilir. Atılan addımlar sahibkarlara bu müddət ərzində yeni planlar qurmaq və bizneslərini inkişaf etdirmək üçün bir fürsətdir. Dövlət strukturları iş yerlərinin azaldılmaması, işçilərin ixtisar olunmaması, biznes itkilərini azaltmaq üçün sadalanan istiqamətlərdə fəaliyyət bərpa olunandan sonra da zəruri dəstəyi verəcək.