COP29: RAYONLARDAN BAKIYA GİRİŞ MƏHDUDLAŞIR?
Baxış sayı: 106
Bakıda 11-22 noyabr tarixlərində keçirləcək COP29 tədbirləri zamanı paytaxtda sıxlığın qarşısını almaq üçün müəyyən addımlar atılır: artıq orta məktəblərdə bayram günləri də daxil olmaqla, 8 noyabrdan 24 noyabra qədər tətil elan edilib, ali məktəblərdə isə 14-22 noyabr tarixlərində tədris onlayn formada keçiriləcək. Eyni zamanda, COP29 zolaqları çəkilib, 11-13 noyabr tarixləri üçünsə bir çox yolların bağlanacağı rəsmən elan edilib. COP29 zolaqlarına giriş qadağan edilir. Bu barədə bilgini Yerüstü Nəqliyyat Agentliyi yayıb. Bildirilib ki, həmin zolaqların hər birinə marşrut nəqliyyat vasitələri üçün zolaq və yol nişanları quraşdırılıb. Bəs COP29 tədbiri bitəndən sonra həmin zolaqlar ləğv olunacaqmı? Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, COP29 tədbirindən sonra heç bir avtobus, velosiped və xüsusi zolaqlar ləğv olunmayacaq. Zolaqlara çəkilmiş COP29 loqoları tədbirdən sonra silinəcək və zolaqlar nəqliyyat vasitələrinin hərəkət zolağı kimi fəaliyyət göstərəcək deyə- bilgidə qeyd olunub.
Sıxlığın qarşısını almaq üçün atılan addımlardan biri də rayonlardan həmin günlərdə Bakıya girişlərin məhdudlaşdırılması ilə bağlı təklifdir. Bir müddət öncə millət vəkili Fazil Mustafa belə bir qərarın mümkünlüyünə işarə etmişdi.
COP29 tədbirləri zamanı Bakıya girişdə hər hansı məhdudiyyətlərin tətbiqi nəzərdə tutulurmu? Və bu məhdudiyyət neçə gün ola bilər? COP29 Azərbaycan Əməliyyat Şirkəti mövzu ilə bağlı hələ ki, açıqlama verməyib.