BÖYÜK BRİTANİYANIN ÖLKƏMİZDƏKİ SƏFİRİ QUBADA OLUB

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Qubaya səfər edib. Azərbaycanla Böyük Britaniya arasındakı dostluq əlaqələrindən razılıqla bəhs olunub.

Böyük Britaniyanın ölkəmizdəki səfiri Ceym Şarpla Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin görüşündə son illər bu rayonun ictimai-siyasi,sosial-iqtisadi və mədəni həyatındakı nailiyyətlərdən ətraflı söhbət açılıb.Azərbaycanla Böyük Britaniya arasındakı dostluq əlaqələrindən razılıqla bəhs olunub.Səfirin diqqətinə çatdırılıb ki, Quba azərbaycanlılarla yanaşı 20-dən artıq icmanın da vətənidir və onlar mehriban dostluq və qardaşlıq şəraitində yaşayırlar.Hər bir yerli icmanın öz milli-mənəvi dəyərlərini qoruması və yaşatması üçün dövlət tərəfindən lazımi şərait yaradılıb.Dinindən və milliyyətindən asılı olmayaraq hər bir qubalı rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir.Görüşdə Böyük Britaniyanın ölkəmizdəki səfiri Ceyms Şarp Azərbaycandakı 5 aylıq diplomatik fəaliyyəti dövründə ilk dəfə regiona səfər etdiyini və Qubada şahidi olduqlarının və bu rayonla bağlı eşitdiklərinin onda xoş təəssürat yaratdığını bildirib. İcra başçısı müxtəlif sahələrlə bağlı səfiri maraqlandıran sualları cavablandırıb. Görüşdən sonra səfir Qədim Quba Xalçaçılıq müəssisəsində olub, xalça toxuyan xanımların əl işləri ilə maraqlanıb.Qonağa Qubanın qədim xalçaçılıq ənənələri barədə ətraflı məlumat verilib.Səfir Ceyms Şarp Quba xalçalarının onda böyük marağa səbəb olduğunu bildirib. Daha sonra səfir Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib. Qonaqlar erməni-bolşevik birləşmələrinin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıb. Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikanın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür. Jurnalistlərə müsahibəsində Səfir bildirib ki,1918-ci ildə Qubada törədilən hadisələrin və kompleksdə şahidi olduğu nümunələr onda acı təəssüf hissi yaradıb.