BU GÜNÜN TARİXİ (5 İyun)

Bu gün Dünya Ətraf Mühitin Mühafizəsi Günüdür.1972-ci il iyunun 5-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının iclasında tədbir iştirakçıları bu günün Dünya Ətraf Mühit Günü və ya Dünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunmasına qərar veriblər.

Növbəti ildən həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlayıb.Azərbaycanda da ətraf mühitin mühafizəsinə xüsusi diqqət yetirilir. Ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. Ətraf mühit və onun komponentlərinin qorunması məqsədilə Qızılağac Milli Parkı yaradılıb. Nazirlik ictimai-iaşə obyektlərində reydlər keçirir, ətraf mühitə zərər verəcək hər hansı bir fəaliyyətin qarşısını alır. İyunun 5-i Qanunsuz və tənzimlənməyən balıq ovuna qarşı beynəlxalq mübarizə günüdür .Dəniz məhsullarının həddindən artıq istismarı və qeyri-qanuni balıq ovu ildə 23 milyard dollar məbləğində iqtisadi itkilərə gətirib çıxarır. Əldə edilən balığın beşdəbiri qanunsuz yolla tutulur.Dəniz ehtiyatlarının ümumi vəziyyəti ildən-ilə pisləşir. Hazırda göl, çay, dəniz və okeanlarda 1974-cü illə müqayisədə 3 dəfə artıq balıq tutulur. Balıq ehtiyatlarının bu cür amansız istismarı ona gətirib çıxarır ki, balıq istehsalı hətta zəruri minimal dərəcəyə çatmır, həmçinin sualtı aləmin bioloji tarazlığı pozulur.BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının ekspertləri bu vəziyyətdən narahatdırlar. Onlar bütün dövlətləri balıq vətəgələrini nəzarətdə saxlamağa, qiymətli balıq ehtiyatlarının müdafiəsi və qorunması ilə bağlı tədbirlər görməyə çağırıblar. Bu gün “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” və “Azərsu” Açıq Səhmdar Cəmiyyətlərinin işçiləri Su təsərrüfatı və meliorasiya işçiləri günü peşə bayramını qeyd edirlər. “Su təsərrüfatı və meliorasiya işçiləri günü” Prezident İlham Əliyevin 2014-cü il 14 may tarixli Sərəncamı ilə təsis edilib və hər il iyunun 5-də qeyd olunur. Bu gün xalq şairi Vaqif Səmədoğlunun doğum günüdür. Vəkilov Vaqif Səməd oğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində, Azərbaycan şairi Səməd Vurğunun ailəsində doğulub. Vaqif Səmədoğlu Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. 1968-1971-ci illərdə Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında İncəsənət redaksiyasının müdiri vəzifəsində çalışıb.1970-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. 1989-cu ildə Əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub. 1992-1994-cü illərdə "Oğuz eli" qəzetinin baş redaktoru vəzifələrində çalışıb. 1998-ci ildə “Humay” mükafatının laureatı olub. 1999-cu ildə Xalq şairi fəxri adı ilə təltif olunub. Şair müxtəlif dillərdə çap olunmuş şeir və dram əsərlərindən ibarət 10-dan çox kitabın müəllifidir. Vaqif Səmədoğlu 2015-ci ildə Bakıda vəfat edib.