Bu gün ölkəmizdə “İnşaatçılar günü”dür. Azərbaycan inşaatçılarının ölkə iqtisadiyyatının inkişafındakı xidmətlərini nəzərə alaraq Prezident İlham Əliyev 16 dekabr 2009-cu il tarixində hər il aprel ayının 10-da inşaatda çalışanların peşə bayramı günü kimi qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Dahi Azərbaycan rəssamı, Təbriz miniatür məktəbinin yaradıcısı, dünya incəsənətinin klassiki Nizaməddin Sultan Məhəmməd 10 aprel 1470-ci ildə dünyaya gəlib. XVI əsr Təbriz məktəbinin inkişafında, bütövlükdə Şərq rəssamlığı tarixində böyük rol oynayan, dövrün istedadlar nəslinə rəhbərlik edən Nizaməddin Şah İsmayılın, sonra isə onun oğlu Şah Təhmasibin hakimiyyəti dövründə Səfəvi sarayının rəssamı olub. Bu gün əsərləri dünya muzeylərini bəzəyən tanınmış rəssamın Londandakı Britaniya Muzeyində saxlanılan və Şah Təhmasib üçün məxsusi hazırlanmış Nizaminin "Xəmsə"si mütəxəssislər tərəfindən bütün dövrlərin və xalqların kitab sənətinin zirvə əsəri kimi qiymətləndirilir. “Qış gecəsi”, “46 Bənövşə”, “Kəndimizdə bir gözəl var”, “Sevdasız aylar” kimi romanları bir zamanlar gənclərin masaüstü kitabına çevrilmiş yazıçı Salam Qədirzadə 1923-cü ilin bu günü dünyaya gəlib. 35 kitabın müəllifi olan Salam Qədirzadə,yaradıcılıq baxımından çox dolğun, təqvimi hesabla isə qısa bir həyat yaşadı. O, 1987-ci ilin noyabrın 15-də 64 yaşında ikən dünyasını dəyişdi. 10 aprel tanınmış Titanik gəmisi ilk və son dəfə səfərə çıxıb. 1912-ci ilin 10 aprel tarixində İngiltərənin Sauthempton limanından ABŞ-ın Nyu-York şəhərinə getmək üzrə yola çıxan Titanik, Britaniyanın öz dövrünün ən nəhəng sərnişin gəmisi sayılırdı. 66 min ton ağırlığında olan gəminin inşasına 1909-cu il martın 31-də Şimali İrlandiyanın paytaxtı Belfastda başlanmış, 1911-ci l mayın 31-də inşaası tamamlanmışdır. Titanik gəmisi 14 aprel 1912-ci ildə Atlantik okeanında aysberqlə toqquşaraq 2 saat 40 dəqiqə sonra batmış və gəminin göyərtəsində olan 2224 sərnişin və ekipaj üzvündən 1513-ü həlak olmuşdu.