BU GÜN YEL ÇƏRŞƏNBƏSİDİR

alq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” kimi tanınan yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.Şifahi xalq yaradıcılığında yelin Tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, və məsəl yaranıb.

Novruz şənliklərində icra olunan “Yel baba” mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın yel Tanrısına etiqadı ilə bağlıdır. Azərbaycanlıların ən əski təsəvvürlərinə görə, Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər. Sovrulmamış buğda götürənin oğlu ölər. Xırman sovrulandan sonra ilk buğda götürənin isə oğlu olar. Ulularımız deyirlər ki, “Yel əsdirəni söyməzlər”. Çünki onun arxasında Tanrı durur. Eləcə də Yel dağını ziyarət edirlər. Adamlar ürəklərində hər hansı bir dilək tutub dağa nəzir-niyaz gətirir, burada qurban kəsirlər. Yel baba kimin nəzirini, qurbanını qəbul etsə, o adam xeyir tapar, arzusuna çatar. Bir inancda isə deyilir ki, Yel çərşənbəsi girən gün söyüd ağacının altına gedib niyyət elə və Yel babanı çağır. Əgər Yel baba sənin səsini eşidib söyüdün budaqlarını torpağa toxundursa diləyin yerinə yetər. Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov və ya bulğur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür. Qadınlar axır çərşənbə üçün hazırlıq görürlər. Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Həmin gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır. Novruzun müjdəsi olan Yel çərşənbəniz mübarək!