Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı
təkliflər səslənib və elə həmin konfransda da iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.
Dünyanın əksər ölkələrində olduğu kimi, Uşaqların Beynəlxalq Müdafiəsi Günü Azərbaycanda da qeyd edilir. Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “uşaq hüquqları haqqında” qanun və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib.
Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Bu sahədə əsas normativ sənəd 1998-ci il mayın 19-da qəbul edilmiş “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunudur.
Ölkəmizdə uşaq və yeniyetmə yaşında olan gənclərin təxminən 95 faizi təhsil alır. Onların böyük bir qismi pulsuz tibbi xidmətlə təmin olunub.
Bu gün Uşaqların beynəlxaq müdafiəsi günü münasibətilə Qafqaz TV-nin az yaşlı izləyiciləri televiziyanın qonağı olub, özlərini televiziya əməkdaşı kimi sınaqdan keçirdilər. Onlar Qafqaz tv-də özlərini rəhbər vəzifələrdə, aparıcılıqda, operatorluqda, rejissorluqda, dublyaj studyasında sınayaraq, maraqlı bir gün yaşayıblar