BMTÜTT İCRAİYYƏ ŞURASININ SESSİYASI

Azərbaycan BMTÜTT İcraiyyə Şurasının 110-cu sessiyasına ev sahibliyi edib. İyunun 17-də Bakıda BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyası işinə başlayıb.“İrsimizi qoruyaq: sosial,

mədəni və ekoloji davamlılıq” başlığı atlında keçirilən sessiyada “Turizm və davamlılıq”, “Yerli səviyyədə davamlılığın artırılması”, “Turizm və daxiletmə: sosial ölçü”, “Turizm və mədəni qoruma” mövzularında tematik müzakirələr keçirilib. Tədbirdə 37 ölkədən  və 5 beynəlxalq təşkilatdan rəsmi dövlət nümayəndələri iştirak edib. Tədbirdə Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili, təşkilatın İcraiyyə Şurasının sədri Çarls Banda və Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev açılış nitqi ilə çıxış ediblər.

Qonaqları salamlayan Fuad Nağıyev son illərdə Azərbaycanda turizmin inkişafı üçün atılan addımlar, ölkə xaricində aparılan təbliğat işləri, Azərbaycanın yeni turizm brendi, milli mədəni irsin qorunması üçün görülən tədirlər barəsində məlumat verib.

Turizmdə etik normaların vacibliyindən danışan Fuad Nağıyev Azərbaycanın işğal olunmuş torpaqlarında mövcud olan mədəni irs nümunələrinin məhv edilməsini, beynəlxalq hüquq normalarının işğalçı Ermənistan tərəfindən kobudcasına pozulması faktını sessiya iştirakçılarının diqqətinə çatdırıb.

Agentlik sədri BMT-nin Ümumdünya Turizm Təşkilatının "Münaqişə zonalarının turizm məkanı kimi və turizmin qanunsuz məqsədlər üçün istifadəsinin qarşısının alınması" qətnamə layihəsi ilə bağlı qərarını yüksək qiymətləndirərək, qərarların tövsiyə xarakterli deyil, məcburi qüvvədə olmasının məqsəduyğunluğunu bildirib.