Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin Qurban Bayramı münasibətilə rayon ictimaiyyətinə təbrik ünvanlayıb.
Təbrikdə deyilir,
Əziz həmyerlilər,
Sizi dünya müsəlmanlarının həmrəylik və qardaşlıq günü olan müqəddəs Qurban bayramı münasibətilə şəxsən öz adımdan və Quba Rayon İcra Hakimiyyətinin bütün kollektivi adından ürəkdən təbrik edirəm. Xalqımız əsrlər boyu Qurban bayramını özünün ən əziz bayramlarından biri kimi qeyd etmişdir.
Ulu Öndərimiz Heydər Əliyevin 1993-cü ilin iyununda xalqımızın təkidli xahişi və tələbi ilə ölkə rəhbərliyinə qayıdışından sonra bütün sahələrdə olduğu kimi milli-mənəvi dəyərlərimizin bərpası istiqamətində də ardıcıl tədbirlər görüldü, müqəddəs adət-ənənələrimizə diqqət və qayğı artdı. Həmin dövrdən etibarən digər milli və dini bayramlarımız kimi Qurban bayramı da respublikamızda dövlət səviyyəsində qeyd olunur.
Hazırda ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi müdrik daxili və xarici siyasət nəticəsində respublikamız dünyanın ən sürətli inkişaf edən ölkələrindən birinə çevrilmiş, dövlətimizin beynəlxalq aləmdəki nüfuzu və hörməti olduqca artmış, mövqeləri güclənmiş, xalqımızın maddi-rifah halı xeyli yaxşılaşmışdır.
Doğma Azərbaycanımız dünyada multikulturalizm və tolerantlıq məkanına, ən mötəbər beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi siyasi və mədəni mərkəzə çevrilmişdir.
Hazırda respublikamızda möhkəm ictimai-siyasi və dini sabitlik mövcuddur.
Möhtərəm Prezidentimiz bütün digər sahələr kimi milli-mənəvi dəyərlərimizə, dini adətlərimizə də yüksək diqqət və qayğı göstərir. Son illər ərzində məhz cənab Prezidentin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın yüksək diqqəti və qayğısı sayəsində ölkəmizdə dövlət vəsaiti hesabına bir sıra İslam və qeyri-islam dini ibadətgahlarının binaları əsaslı təmir olunmuş, çoxlu sayda yeni məscid, kilsə və sinaqoq binaları tikilərək dindarların istifadəsinə verilmişdir.
Vaxtilə cəmi 17 məscidin olduğu ölkəmizdə hazırda 2300-ə yaxın məscid vardır.
Doğma Azərbaycanımız tarix boyu müxtəlif dinlərə məxsus olan insanların və xalqların birgə, mehriban yaşadığı, bütün xalqların adət-ənənələrinə, dini dəyərlərinə, inanclarına böyük qayğı göstərildiyi, heç bir ayrı-seçkiliyin olmadığı məmləkət olmuşdur. Bu hazırki dövrdə də belədir və ölkəmiz bütün dünyaya nümunədir.
İslam dini birlik, bərabərlik, qardaşlıq, sülh və əmin-amanlıq dinidir. Dinimizin mahiyyəti başdan-başa xeyirxah, nəcib və mütərəqqi prinsiplərdən ibarətdir.
Quba rayonu respublikamızda multikultural ənənələrin və tolerantlığın əsrlər boyu qorunub saxlandığı, müxtəlif xalqların qardaşlıq şəraitində yaşadığı bir rayondur. Rayonumuzda 20-yə yaxın müxtəlif xalqların nümayəndələri mehriban bir ailə kimi yaşayır, rayonda dövlət qeydiyyatından keçmiş 25 İslam, 1 Yəhudi dini icması, 70 məscid və 2 sinaqoq vardır.
Hörmətli qubalılar,
Müsəlman bacı və qardaşlar,
Sizi qarşıdan gələn əziz Qurban bayramı münasibətilə bir daha səmimi qəlbdən təbrik edir, Sizin bayram günlərində xalqımızın rifahı, ölkəmizin əmin-amanlığı və daha da inkişaf etməsi üçün etdiyiniz dua və niyyətlərə, arzu və istəklərə şərik olduğumu bildirir, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarına Allahdan rəhmət diləyirəm.
Bu gözəl bayramda hamınıza möhkəm cansağlığı, ailə səadəti və işlərinizdə yeni-yeni uğurlar arzulayıram.
Qoy bu müqəddəs bayram torpağımıza əbədi sülh, xeyir-bərəkət, bolluq və daha yüksək tərəqqi bəxş etsin.
Bayramınız mübarək, əziz qubalılar!