İyunun 25-də Qubada Azərbaycanın Milli Qəhrəmanı Qarabağ müharibəsi iştirakçısı Albert Aqarunova həsr olunan tədbir keçirildi. Tədbir Milli Qəhrəman haqqında hazırlanan filmin nümayişi ilə başladı.
Tədbirdə Gənclərlə birgə Milli qəhrəmanın Tağım komandiri və döyüş yoldaşları iştirak edib. Tədbirdə çıxış edən Gənclər fondunun Gənclərlə iş şöbəsinin müdiri Orxan Ərəbov öz çıxışında bu tədbirin silsilə şəklində keçirildiyini qeyd edərək vurğuladı ki, Respublikanın digər regionlarında, sonra Qazax və Şəmkir rayonlarında da, keçirləcəyi nəzərdə tutulub.
Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev öz çıxışında milli qəhrəman haqqında müsbət fikirlər səsləndirdi. "Müdriklər deyiblər ki, qəhrəmanlıq onun yaşadığı ömürlə deyil, onun əməlləri ilə ölçülür. Qəhrəmanlar ona görə qəhrəman olur ki, onlar ölümün gözünə dik baxa bilir. Və bununla öz həyatlarını taleyə çevirə bilirlər. Bax buna görə də, öz həyatlarından keçirlər." Tədbirdə Albertin qəhrəmanlıq hekayələrindən söhbət açıldı. Tağım komandiri qeyd etdi ki, "Albertdə təkcə qəhrəmanlıq ruhu, döyüşmək qabiliyyəti yox idi. O texnikaya çox gözəl bələd idi. Şən əhval ruhiyyəsi və zarafatları ilə digər döyüşçü dostlarından fərqlənirdi. Qarmonda çox gözəl ifa edə bilirdi. Və bir çox ifaları ilə döyüş bölgəsində döyüş dostlarını xoş əhval ruhiyyəyə kökləyirdi."
Döyüşçü dostları da, qəhrəman haqqında xatirələrində qalan maraqlı fikirlər səsləndirdilər. "Bir atışı boşa çıxmazdı. Düşməni məğlub etdiyi məkanları təhlil edər və nəticə çıxarardı." Tədbirdə veteranlar və gənclər milli qəhrəman haqqında keçirilən bu tədbirdən duyğulandıqlarını və iştirak etdiklərindən qürüur hissi keçirdiklərini vurğuladılar.
Tədbirin sonunda qəhrəmanın xatirəsinə milli vətənpərvərlik ruhunda şeirlər səsləndirildi və tədbir iştirakçıları birgə xatirə fotosu çəkdirdilər.