Aprelin 4-dən başlayaraq 3 gün ərzində Bakı Ekspo Mərkəzində 18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi keçiriləcək.
Aprelin 4-dən başlayaraq 3 gün ərzində (4-6 aprel) Bakı Ekspo Mərkəzində 18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (“AITF 2019”) keçiriləcək. Bununla bağlı Bu gün mətbuat konfransı keçilib.
Tədbirdə Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə çıxış edərək qeyd edib ki, hər zaman olduğu kimi, bu il də “AITF” sərgisi müxtəlif ölkələrin turizm bazarlarının nümayəndələrini, eləcə də milli və regional turizm təşkilatları və dövlət strukturlarını bir araya gətirəcək: “Turizm sahəsinin inkişafı ölkəmizin iqtisadi inkişaf kursunda aktual məsələlərdən biridir. “AITF-2019” Dövlət Turizm Agentliyi və Milli Turizm Təbliğat Bürosunun fəal dəstəyi və iştirakı ilə keçiriləcək. Həmçinin sərgi Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), İqtisadiyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi kimi yerli, BMT-nin Ümumdünya Turizm Təşkilatı (ÜTT) və Asiya-Sakit Okean Turizm Assosiasiyası (ASOTA) kimi beynəlxalq strukturlar tərəfindən dəstəklənir”.
Bu il də sərgidə Azərbaycanın stendi təqdim olunacaq. Birinci zalda böyük sahəni əhatə edən bu stenddə həm xarici qonaqlar, həm də daxili turizm üçün ölkəmizin bütün turizm potensialı nümayiş olunacaq. Burada şəhər və regionlarda dincəlmək istəyənlər, eləcə də təbiətsevərlər və fəal istirahət həvəskarları maraqlı təkliflər ilə tanış ola biləcəklər.
Bu il sərgini əlavə tədbirlər proqramı müşayiət edəcək. Belə ki, sərgidə təşkilatçılar tərəfindən “B2B” formatlı görüşlər üçün işgüzar platforma yaradılacaq və burada həm yerli, həm də xarici şirkətlərin nümayəndələri əməkdaşlıq və tərəfdaşlıq yollarını müzakirə etmək üçün bir-birləri ilə görüşə biləcəklər.
Sərginin əyləncə proqramı çərçivəsində beynəlxalq rəqs festivalının təşkili planlaşdırılır. Bu maraqlı və parlaq tədbirin əsas məqsədi xarici iştirakçılara öz mədəniyyətlərini qədim incəsənət növü - rəqs vasitəsi ilə təqdim etmək üçün imkan yaratmaqdır. Festival Bakı Ekspo Mərkəzinin foyesində keçiriləcək. Təşkilatçılar “Tarixə və Nəsimi yaradıcılığına səyahət” adlı tədbir təşkil etməklə, bu hadisəni qeyd etmək və bununla da şairin xatirəsini yad edərək sərginin qonaqlarını Azərbaycanın zəngin mədəniyyəti ilə tanış etmək qərarına gəliblər.