BELARUSİYADA II AVROPA OYUNLARININ RƏSMİ AÇILIŞI OLUB

İyunun 21-də Belarusun paytaxtı Minskdə ikinci Avropa Oyunlarının açılış mərasimi keçirilib. “Dinamo Arena”da keçirilən açılış mərasiminə bir sıra ölkələrin dövlət və hökumət başçıları, o cümlədən

Baş nazirin birinci müavini Yaqub Eyyubov, Milli Məclisin sədri Oqtay Əsədov, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə baxıblar.

II Avropa Oyunları açılış mərasiminə geri sayım başa çatdıqdan sonra mərasim atəşfəşanlıqla açıq elan edilib. Belarusun canlı orkestrinin ifası altında bu ölkənin dövlət himni səsləndirilib, bayrağı ucaldılıb. Sonra Avropa Oyunlarında iştirak edən komandaların paradı başlayıb. Minskdəki Oyunların paradında dörd il əvvəl Bakıda olduğu kimi Yunanıstan təmsilçiləri yenə birinci olub. Daha sonra digər ölkələr latın əlifbasındakı ardıcıllıqla parada çıxıblar.

Azərbaycan millisinin paradında bayrağımızı cüdoçumuz Rüstəm Orucov apardığı halda, onu yığmamızın şef-de-missionu Anar Bağırov, idmançılar və rəsmi şəxslər müşayiət ediblər. Azərbaycan millisi paraddan 6-cı keçib.

Bundan sonra açılış mərasiminin bədii hissəsi başlayıb. Belarusun tarixi şəxsiyyətləri və tarixini özündə cəmləyən kompozisiyalar izləyicilərin marağına səbəb olub. Belarusun ayrı-ayrı dövrlərindəki tarixi şəxsiyyətlərin tanıtım videoçarxı yayımlanıb.

BMT-nin baş katibi Antonio Quterreşin videotəbriki səsləndirildikdən sonra Olimpiya çempionlarının iştirakı ilə Avropa Olimpiya Komitəsinin bayrağı gətirilərək “Dinamo Arena”dan asılıb. Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç çıxış edərək bildirib ki, bu irimiqyaslı idman yarışında 50 ölkənin atletləri iştirak edir. İlk Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə təşkil edildiyini xatırladan Y.Kosyançiç idmançılara uğurlar arzulayıb.

Bundan sonra Belarus Prezidenti Aleksandr Lukaşenko çıxış edərək bu gün bütün avropalıların idman bayramı olduğunu söyləyib. Tolerantlıq, qarşılıqlı hörmət şəraitində yaşamaq Belarusun obrazına çevrilib. Möhtəşəm idman bayramının baş tutmasında əziyyəti olan hər kəsə təşəkkürünü bildirən Belarus Prezidenti II Avropa Oyunlarında iştirak edən atletlərə uğurlar arzulayıb. Sonra Aleksandr Lukaşenko II Avropa Oyunlarını açıq elan edib.

Açılış mərasiminin sonunda Olimpiya məşəli yandırılıb və atəşfəşanlıq olub.