Son illər turizm sahəsində böyük inkişafa nail olan Azərbaycan, öz turizm imkanlarını dünyaya nümayiş etdirməyə davam edir. Ölkəmiz artıq beynəlxaq turizm tədbirlərinə qatılmaqla qalmayıb, belə tədbirlərə ev sahibliyi edir.
Aprelin 29-da Bakıda “Travel Business Azerbaijan 2020” tədbiri baş tutacaq. Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində keçiriləcək tədbirə 1000-dən çox iştirakçının qatılacağı gözlənilir. Azərbaycanda ilk dəfə keçiriləcək tədbir regionun ən böyük səyahət bazarı rolunu oynayacaq. Tədbirə Azərbaycanın rəsmi turizm nümayəndəliklərinin mövcud olduğu ölkələr də daxil olmaqla dünyanın 50 ölkəsindən 400 nəfərdən çox turizm mütəxəssisi dəvət olunub. Bundan başqa tədbirdə sadəcə böyük turizm şirkətləri deyil, eləcədə bölgələrdə turizmlə məşğul olan kiçik qurumlar, fərdi şəxslər də iştirak edə bilər. Baş tutacaq tədbirlə bağlı kanalımıza danışan Bəhruz Əsgərov, bildirdi ki, təşkilatçılar ölkəmizin turizm sahəsi üzrə inkişaf etmiş bölgələrindən bu sərgiyə qatılımların olmasında maraqlıdırlar və onların məqsədi bu tədbir vasitəsi ilə Azərbaycanda turizmlə məşğul olan hər kəsin öz biznesini və bölgəsinin turizm imkanını beynəlxalq ortamda tanıtmasıdı. Tədbirin keçirilməsində məqsəd turizm sahəsində fəaliyyət göstərən yerli şirkətlərlə xarici turizm şirkətləri arasında tərəfdaşlıq münasibətlərinin və əməkdaşlıq imkanlarının yaradılmasına şərait yaratmaq, qarşılıqlı münasibətlərin inkişafına təkan verməkdir. Həmçinin “Travel Business Azerbaijan 2020” tədbiri ölkənin turizm imkanlarının tanıdılması üçün mühüm platforma kimi çıxış edəcək. Tədbirdə B2B (Biznesdən-biznesə) görüşlər və seminarlar keçiriləcək, şirkətlərə öz xidmətlərinin təqdimatını keçirmək üçün imkan yaradılacaqdır. Tədbir çərçivəsində Azərbaycana gələn xarici nümayəndələr üçün paytaxtın və regionların turizm məkanlarına səfərlər təşkil olunacaq.