BAKIDA İKİ BEYNƏLXALQ SƏRGİ KEÇİRİLİR
Baxış sayı: 1122
Bakıda 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2021” sərgilərinin açılışı olub. 27 ölkədən 248 şirkətin təmsil olunduğu sərginin açılışında Kənd Təsərrüfat naziri İnam Kərimov iştirak edib. Nazir sərginin əhəmiyyətindən danışaraq kənd təsərrüfatı sahəsində innovasiyaların, mütərəqqi texnologiyaların və həllərin tətbiqinin əsas vəzifələrdən biri olduğunu deyib. Daha sonra sərgi iştirakçıları müxtəlif ölkələri təmsil edən şirkətlərin kənd təsərrüfatı texnikaları və digər avadanlıqları ilə tanış olublar. Bu cihazlar Türkiyə, Almaniya və Amerika istehsalıdır. İstixanalarda, meşə massivlərində və əkin sahələrində zərərvericilərə qarşı mübarizə tədbirlərində geniş istifadə olunur. Əsas üstünlükləri ekoloji və bioloji cəhətdən səmərəliliyinin yüksək olmasıdır. “Caspian Agro 2021” və “InterFood Azerbaijan 2021” COVID-19 pandemiyası ilə əlaqədar yaranmış uzunmüddətli fasilədən sonra ənənəvi formatda keçirilən ilk sərgidir. Sərginin əsas məqsədi işgüzar əlaqələri bərpa etmək, yeni əlaqələr qurmaq, habelə aktual bazar məlumatlarını əldə etməkdir. Sərgilər kənd təsərrüfatı sektorunun əsas iştirakçılarını, peşəkar ziyarətçiləri, o cümlədən idxalçıları, ixracatçıları, distribütorları, topdan və pərakəndə satış şirkətlərini, eləcə də fermerləri bir araya gətirir. Qeyd edək ki, sərgilərin keçirilmə vaxtı 10-11-12 iyun tarixlərini əhatə edir.