BAKI METROPOLİTENİNƏ ƏLAVƏ İŞÇİ PERSONALI AYRILIB

“Teknofest Azərbaycan” tədbiri, əsasən, "Bakı Kristal Zalı" və Dənizkənarı bulvar ərazisində keçiriləcək. Bu səbəbdən Bakı metropoliteninin “28 May”, “Sahil”, “İçərişəhər” və “Nizami” stansiyalarının gücləndirilmiş iş rejimində müvafiq dəyişikliklər edilib. Tədbirlə əlaqədar bu stansiyalarda əlavə işçi personalı ayrılmaqla xüsusi növbətçilik cədvəli tərtib olunub. Festivalın təşkilat komitəsi ilə əldə olunmuş qarşılıqlı razılıq və əməkdaşlıq planına əsasən tədbirlərin keçiriləcəyi günlərdə “28 May”, “Sahil” və “İçərişəhər” stansiyalarında ikinövbəli olmaqla, könüllülər sərnişinlərin xidmətində olacaq. Onlar metropolitençilərlə birlikdə sərnişinlərə gediş haqqının ödənilməsi, istiqamət və səmtin müəyyənləşdirilməsi, habelə digər faydalı məlumatların verilməsini təmin edəcəklər.