Ağaclar həyat xilas edə bilər, sizi xoşbəxt və mənəvi cəhətdən güclü edə bilərlər.
"Ağaclar sığınacaqlardır," Alman şair və filosofu Herman Hesse yazırdı.
"Ağacları dinləməyi öyrəndiyimiz an... onlar evimizə çevrilirlər. Bu xoşbəxtlikdir."
Ağaclar: İnikaslar və Şeirlər adlı kitabında Hesse, ağacların fəlsəfi yönlərini, onların həqiqət, gözəllik, ev, mənsubluq və xoşbəxtlik kimi vacib anlayışlar üçün açar rolu oynadığını göstərib.
Ağac qucaqlayan (tree hugger) ifadəsi uzun illər istehza məqsədi ilə istifadə olunsa da, görünür ki, Hesse-nin bildiyi bir şey var imiş.
Və yaponca 'meşə atmosferinə daxil olma' və ya' meşə vannası' mənası verən Shinrin-yoku ifadəsi də sağlamlıq və sağalma kimi qəbul olunur.
Son illərdə ağaclar ədəbiyyatda da geniş yer almağa başlayıb.
Bəs bu yeni sevdanın səbəbi nədir? Niyə rəssam və yazıçılar üçün ağac mövzusu belə cəlbedici olub? Ağaclar bizə nə öyrədə bilər? Həqiqətənmi ağaclar bizi xoşbəxt və rahat edə bilərlər?
"'Ağac vaxtı', stressdən əziyyət çəkən insanlar üçün böyük kömək ola bilər," yazıçı Tobias Jones deyir. "Təbiət çatışmazlığı sindromu həqiqətdir və inanıram ki, meşə insanı sağalda biləcək ən gözəl mühitdir," o söyləyir.
Jones Utopik Xəyallar adlı kitabı üzərində işləyərkən, meşədə yaşamağın mənəvi sağlamlıq üçün xeyirli olduğunu görür. Müəllifə görə, ağaclar əsəb və narahatlığın dərmandır. Bunun bir səbəbi 'meşə vannası' olsa da, digər səbəbi də ola bilsin ki belədir: "Meşələr qorxulu, sakit və tükürpərdici ola bilir və meşədə insan qorxuları ilə üz-üzə qalır."
'Ağac qucaqlayan' ifadəsi xəyalpərəst, əsl həyat hissini itirmiş kimi anlaşılırdı. Əslində isə real hadisəyə dayanır.
Ağac qucaqlamaq ideyası ilk dəfə Hindistanda 1730-cu illərdə yaranıb. Bir maharaca Jodhpur yaxınlığında yerləşən bir kənddə yeni saray tikmək qərarına gəlir.Bura isə təbiətə sitayiş edən Bişnoi tayfasının evi imiş. Maharaca yer açmaq üçün qədim ağacların kəsilməsi əmri verir. Amita Devri və bişnoilərın başqa qadın üzvləri dinc etiraz kimi ağacları qucaqlayırlar.
Təəssüf ki, onlar qurbana çevrilirlər. Onlar ağac kəsənlər tərəfindən döyülür və deyilənlərə görə, maharaca müdaxilə edənə qədər 353 etirazçı balta ilə öldürülür.
Ağac qucaqlayan ifadəsi gördüyümüzdən daha çox məna daşıyır. Və bunu ağaclara da şamil etmək olar.
Yaxud metaforik ağac qucaqlayan Herman Hesse-nin yazdığı kimi: "Onların ən hündür başında dünya xışıldayır, onların kökü sonsuzluqda yatır; amma onlar özlərini burada itirmirlər, həyatlarının bütün gücü ilə nə uğrundasa mübarizə aparırlar: özlərini öz qaydalarına uyğun tamamlamaq, öz formalarını qurmaq, özlərini təmsil etmək üçün... Gözəl və güclü ağacdan daha mükəmməl nümunə ola bilməz."