İstanbulda yerləşən dünyanın ən iri islam mədəniyyəti nümunələrinin saxlandığı Türk və İslam Əsərləri Muzeyində qədim və nadir Azərbaycan xalçalarının sərgisi və kitab-kataloqun təqdimat mərasimi keçiriləcək.
Martın 13-ü açılışı baş tutacaq sərgi iyunun 13-dək davam edəcək. “Türk və İslam Əsərləri Muzeyi kolleksiyasından Azərbaycan xalçaları” layihəsi iki ölkə muzeyləri arasında həyata keçirilən ilk layihədir. Layihənin əsas məqsədi Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasında qorunub saxlanılan Azərbaycan xalçalarının elmi atribusiyası sahəsində tədqiqatın aparılmasıdır. Layihə Azərbaycan Milli Xalça Muzeyinin təşəbbüsü ilə həyata keçirilir. Layihənin Təşkilatçıları – Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respiblikasının Mədəniyyət Nazirliyi, Türk və İslam Əsərləri Muzeyi və Azərbaycan Milli Xalça Muzeyidir. Üç ay davam edəcək sərgidə Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasındakı XVII-XIX əsrlərə aid on iki ədəd nadir Azərbaycan xalçası nümayiş olunacaq. Onların arasında Azərbaycan xalçaçılığının unikal qoluna aid “Xətai” (“Əjdahalı”) və “Çələbi”, özünün mükəmməl bədii ornamentlərində Qarabağın gözəlliyini əks etdirən “Qoca” və qədim türk tayfalarının simvolları olan damğalarla bəzədilmiş “Dağkəsəmən” xalçaları da var. Sərgidə Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasındakı Azərbaycan xalçaları yenilənmiş atribusiya mətnləri ilə təqdim olunacaq.