AZƏRBAYCANIN TÜRKİYƏYƏ QARDAŞ YARDIMI DAVAM EDİR

Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti iki təyyarə qardaş ölkəyə yola salınıb.Təyyarələrdən biri ilə FHN-in hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı göndərilib. Hospital 4 funksional bölmədən – qəbul-çeşidləmə, laboratoriya, cərrahiyyə və intensiv terapiya bölməsindən, 3 köməkçi konteynerdən və 3 hava ilə doldurulan moduldan ibarətdir. Mobil səhra hospitalı ən ağır yaralı və xəstələrin müayinə, əməliyyat və müalicəsi üçün müvafiq şəraitlə təmin olunub. FHN-in peşəkar tibbi heyətinin xidmət göstərəcəyi hospital bütün lazımi dərman və preparatlarla təchiz edilib. Qardaş ölkəyə yola salınan ikinci təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar və digər avadanlıqlar yola salınıb. Qeyd edək ki, 34 nəfər tibbi, 7 nəfər qeyri-tibbi olmaqla 41 nəfərlik heyət qardaş ölkəyə yola düşüb.