Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Hindistandan olan turoperatorlarla yerli turizm şirkətlərinin tanışlıq görüşü baş tutub.Həmçinin Rusiyanın işgüzar turizm sahəsini təmsil edən
şirkətlərlə həmin sahə üzrə ixtisaslaşmış yerli turoperatorlar arasında görüş keçirilib.
Keçirilən görüşlərin əsas məqsədi Bakının və Azərbaycanın digər regionlarının turizm potensialının tanıdılması, təcrübə mübadiləsinin aparılması, Bakıda və regionlarda Azərbaycanın işgüzar tədbirlərin keçirilməsi üçün mövcud potensialının təqdimatı və ölkəmizdə keçiriləcək beynəlxalq səviyyəli işgüzar görüşlərin sayını artırmaqdır.
Hindistan turoperatorları ilə B2B xarakterli tanışlıq görüşündə 50 yerli turizm şirkəti iştirak edib. Görüşdə gələcək əməkdaşlıq perspektivləri qiymətləndirilib və mümkün tərəfdaşlıq üçün ikitərəfli əlaqələr müzakirə olunub.
Rusiya turoperatorları ilə eyni xarakterli görüş zamanı Azərbaycan və onun işgüzar turizm imkanları barədə geniş məlumat verilib, əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.
Dehli və Moskva şəhərlərini təmsil edən şirkətlərin Azərbaycanın turizm potensialı və əsas turizm infrastrukturu barədə ətraflı məlumatlandırılması məqsədilə Bakı, Şamaxı, Xızı, Siyəzən, Qəbələ, Quba və Qusarda yerləşən hotellər, turizm xidmət obyektləri və tarixi məkanlara səfərlər təşkil edilib.
Xatırladaq ki, 2018-ci ilin sonlarından etibarən Azərbaycan Turizm Bürosunun Hindistanın Mumbay, Rusiyanın Moskva şəhərində rəsmi turizm nümayəndəlikləri fəaliyyət göstərir.