AZƏRBAYCANIN GƏNC ETNOQRAFLARI QUBADA TOPLAŞDI

Bu gün Qubada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Quba “Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının dəstəyi ilə paytaxt Bakı və ölkəmizin müxtəlif bölgələrindən olan gənc alim və araşdırmaçıların iştirak etdiyi Gənc Etnoqrafların I Respublika Forumu təşkil edilib. Forum, Azərbaycanın zəngin mədəni irsini araşdırmaq, gənc alim və etnoqraflar arasında elmi əlaqələri möhkəmləndirmək və tarixi irsimizin dərinliklərinə dair müzakirələr aparmaq məqsədi daşıyır.Forum işinə Quba “Soyqırımı Memorial Kompleksi”nin Xatirə abidəsinin ziyarəti ilə başlanılıb. Forumda Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini Səidə Abasova, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni irsin qorunması şöbəsinin müdiri Səbuhi Bəşirov, yerli idarə-müəssisə rəhbərləri, rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin, eləcə də muzeylərin əməkdaşları, tarixi abidə mühafizəçiləri, etnik qrupların nümayəndələri, ziyalılar, həmçinin gənclər forumda iştirak ediblər. İlk olaraq, sənətkar və rəssamların əl işləri, posterlər və “Alaca” Milli Geyim Evinin libaslarından ibarət sərgilərlə tanışlıq olub. Plenar iclas dövlət himninin səsləndirilməsi ilə açıq elan edilib. Plenar iclasda çıxış edən mütəxəssislər Azərbaycanın tarix və mədəni irsi ilə bağlı geniş təqdimatlarla çıxış ediblər.Forum iştirakçıları geniş elmi məruzələr silsiləsi ilə "Tarix və Mədəniyyət", "Arxeologiya və Antropologiya", "Etnoqrafiya və Etnologiya" və "Tarixi abidələr və Turizm" sahələrində müzakirələr apararaq Azərbaycanın qədim mədəni irsinin günümüzdə necə qorunmalı və gələcək nəsillərə ötürülməli olduğu mövzusunda fikirlər bildirib, mövzu ətrafında slayd və posterlər təqdim ediblər. Plenar iclasdan sonra forumun işi 4 bölmədə davam edib. Gün ərzində davam edən bölmə iclasları, elmi müzakirələr həm sahə mütəxəssisləri, həm də forum iştirakçıları üçün böyük önəm daşıyıb. İştirakçılar Azərbaycan etnoqrafiyası barədə, eləcə də şimal-şərq bölgəsinin maraqlı fakt və məlumatları ilə tanış olublar. 2 günlük forum işinə 5 iyun tarixində iştirakçılar üçün təşkil olunan mədəni proqramın, abidələrin, o cümlədən Tağlı körpü, Qırmızı qəsəbə, üç tarixi məscid və Gümbəzli Hamam kimi tarixi yerlərin ziyarətinin həyata keçirilməsi ilə sonlanacaq. Onu da xatırladaq ki, Forum çərçivəsində 70-ə yaxın elmi məqalələr təqdim edilib, 150-dən çox iştirakçı qatılıb və forumun materiallar toplusu hazırlanıb