AZƏRBAYCANDA QIŞ TURİZM MÖVSÜMÜNƏ START VERİLİB

Azərbaycanda qış turizm mövsümünün başlanması ilə əlaqədar Dövlət Turizm Agentliyinin və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün 2024-cü ilin turizm yekunlarına və qış mövsümünün açılışına dair mediatur təşkil edildib. Tədbirdə çıxış edən Dövlət Turizm A gentliyinin sədrinin müşaviri Kənan Quluzadə 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana səfər edən əcnəbilərin ümumi sayının 2 milyon 412 min nəfər təşkil etdiyini və bunun 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz artım olduğunu bildirib. 2024-2026-cı illər üzrə nəzərdə tutulan Turizm Marketinq Strategiyasına əsasən, dörd əsas istiqamət üzrə işlərin həyata keçirildiyini deyən Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Cavanşir Bayramov təbiət və macəra, mədəniyyət, sağlamlıq və işgüzar tədbirlər kimi sahələrə, eyni zamanda qış turizmi fəaliyyətlərinə xüsusi önəm verildiyini bildirib. 2025-ci ildə “Şahdağ”ın beynəlxalq idman yarışlarına və tədbirlərə ev sahibliyi edəcəyini qeyd edən “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov mövsüm qabağı yeni infrastruktur layihələrinin həyata keçirildiyini, modernləşdirilmə işlərinin aparıldığını, eləcə də qonaqlara təqdim olunan müxtəlif qış əyləncələrininin və atraksionlarının tam hazır vəziyyətə gətirildiyi bildirib. Qeyd edək ki, 2024-cü ilin yanvar ayından dekabr ayının 14-ə kimi “Şahdağ” Turizm Mərkəzində hotellərde gecələyənlərin sayı 101.939 nəfər, mərkəzin xizəkçi və piyada kimi xidmətlərindən istifadə edən qonaqlarının sayı isə 266.579 nəfər təşkil edib.