AZƏRBAYCANDA KÜLƏK VƏ GÜNƏŞ ELEKTRİK STANSİYALARI TİKİLƏCƏK.

 Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun iştirakı ilə Nazirlər Kabinetində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair İcra müqavilələrinin imzalanması mərasimi keçirilib.

Elektrik enerjisi istehsalının bərpaolunan enerji mənbələri hesabına şaxələndirilməsi Azərbaycan Respublikası Prezidentinin diqqət yetirdiyi prioritetlərdən biridir. Azərbaycanda bərpaolunan enerji sahəsində ilk xarici tərəfdaşlar kimi “ACWA Power” və “Masdar” şirkətləri ilə əməkdaşlıq dayanıqlı, təmiz enerji ilə bağlı hədəflərə, qarşılıqlı maraqlara töhfə verəcək.Müqavilələrə əsasən, “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə külək, “Masdar” şirkəti ilə isə 200 meqavatlıq günəş stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək.Külək və günəş enerjisi layihələri üzrə ümumilikdə, təxminən illik 1,4 milyard kilovat/saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.Qeyd edək ki, “ACWA Power” şirkəti hazırda qlobal miqyasda bərpaolunan enerji sahəsində 8000 meqavat olmaqla elektrik enerjisi sahəsində ümumilikdə 30 min 200 meqavat qoyuluş gücünə bərabər istehsal və 45 mlrd. ABŞ dolları məbləğində investisiya portfelinə malikdir.“Masdar” şirkəti isə bərpa olunan enerji sahəsi üzrə hazırda ümumi qoyuluş gücü 4000 meqavat həcmində istehsal portfelinə sahib olmaqla bu sahəyə indiyədək 8,5 mlrd. dollar məbləğində investisiya qoyuluşu həyata keçirib.