AZƏRBAYCANDA İLK KİÇİK VƏ ORTA BİZNES EVİ XAÇMAZDA İSTİFADƏYƏ VERİLİB

Bu gün Xaçmazda ilk Kiçik və Orta Biznes Evi istifadəyə verilib.Bununla bağlı müvafiq dövlət qurumlarının, Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarların və KİV nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

Açılış mərasimində çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda davamlı iqtisadi inkişafın təmin edilməsində sahibkarlığın rolunun artırılmasının, xüsusilə kiçik və orta biznesin əsas hərəkətverici amilə çevrilməsinin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların vacib istiqamətlərindən olduğunu vurğulayıb. Nazir qeyd edib ki, Xaçmazda KOB evinin və KOB İnkişaf Mərkəzinin yaradılması KOB-lara göstərilən dövlət dəstəyi tədbirlərinin davamı olmaqla, sahibkarların xidmətlərə rahat, maneəsiz və şəffaf çıxışının təmin olunması baxımından əlverişli platformadır. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev KOB Evinin Xaçmazda və ətraf rayonlarda sahibkarların işini asanlaşdıracağını, kiçik və orta biznesin inkişafını, yeni KOB subyektlərinin yaranmasını stimullaşdıracağını, rayonun iqtisadi potensialının daha dolğun reallaşdırılmasında əhəmiyyətini qeyd edib. Təqdimatla çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov KOB Evinin biznes subyektləri üçün operativlik, nəzakətlilik və rahatlıq prinsiplərinə uyğun, müasir innovasiyalarına əsaslanan dövlət-biznes (G2B) və biznes-biznes (B2B) xidmətlərinin göstərildiyi vahid məkan olduğunu diqqətə çatdırıb. Məlumat verilib ki, KOB Evində sahibkarlara startap layihələrinə başlanılması, biznes və marketinq planlarının hazırlanması, biznes biliklərin artırılması, sahibkarlıq fəaliyyətinin qeydiyyatı, lisenziyaların alınması, maliyyə resurslarına çıxış, mühasibat uçotunun aparılması, idxal-ixrac rəsmiləşdirilməsi, logistika və infrastruktur şəbəkələrinə, daxili və xarici bazarlara çıxış, ixracın təşviqi və digər istiqamətlərdə dəstək göstəriləcək. Ümumilikdə, KOB evində ilkin mərhələdə 200-ə yaxın G2B və 100-dək B2B xidmətlər təqdim olunacaq. Burada xidməti ofislər, görüş və konfrans zalları da fəaliyyət göstərəcək. KOB İnkişaf Mərkəzi isə mikro, kiçik və orta sahibkarların biznes ideyalarının reallaşmasını çoxsaylı məsləhət və təlim xidmətləri ilə dəstəkləyəcəkdir. Tədbirdə çıxış edən sahibkarlar KOB Evinin onların fəaliyyətində rolunu vurğulayaraq, özəl bölmənin inkişafı üçün yaradılan əlverişli şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər. Həmin gün Xaçmaz KOB Evində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib. Müşahidə Şurasının sədri, İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə keçirilmiş iclasda Şuranın üzvləri - vergilər, əmək və əhalinin sosial müdafiəsi, kənd təsərrüfatı nazirlərinin müavinləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti iştirak ediblər. İclasda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin 2019-cu ildəki fəaliyyəti və 2020-ci ildə nəzərdə tutulan tədbirlər barədə məlumat verilib, müzakirələr aparılıb.