AZƏRBAYCAN TƏHLÜKƏSİZLİK ORQANLARININ YARADILMASINDAN 105 İL ÖTÜR

Bu gün Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 105-ci ildönümüdür. Ümummilli Lider Heydər Əliyevin 1997-ci il mart ayının 23-də imzaladığı sərəncamla hər il

martın 28-də Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşları öz peşə bayramlarını qeyd edirlər.

1967-ci ilədək respublikanın təhlükəsizlik orqanlarına qeyri-azərbaycanlılar rəhbərlik ediblər. Həmin il general Heydər Əliyev Azərbaycan DTK-nın sədri təyin olunub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, yəni 1991-ci il noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyi yaranıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli 706 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti yaradılıb. Qeyd edək ki, DTX-nin onlarla əməkdaşı Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısı olub və bu torpaqlar uğrunda şəhidlər verib.

28 Mart Azərbaycan təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramı Qubada da qeyd edilib. Bu münasibətlə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən Ulu Öndər Heydər Əliyevin Quba şəhərində adını daşıdığı Mədəniyyət və İstirahət parkındakı abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri qoyulub.