İnstitutun böyük elmi işçisi Çingiz Balazadə bildirib ki, bitkilərin bu üsulla çoxaldılması prosesi dörd əsas mərhələdən ibarətdir.Birinci mərhələdə sort mənsubiyyəti təsdiq olunan bitkilərdən eksplantlar alınır.
Sonra həmin materiallar laboratoriyada sterilizə edilir. Mikroklonal çoxalmanın birinci mərhələsi laminar bokslarda həyata keçirilir. Tam sterilizasiya olunan tumurcuqlar xüsusi şüşə qablarda iqlim otağına yerləşdirilir. Tədqiqat işlərinin ilkin müsbət nəticələri əldə olunub. Planlaşmaya görə, əldə olunacaq klon calaqaltı formaları quraqlığa, xəstəliklərə və zərərvericilərə qarşı daha davamlı olacaq. Bu calaqaltılar üzərində yetişdirilən meyvə sortlarının məhsuldarlığının daha da yüksək olması planlaşdırılır. Meyvəçilik və Çayçılıq ETİ-nin elmi işlər üzrə direktor müavini Vahid Əliyevin sözlərinə görə, xaricdən gətirilən bəzi tinglərdə virus və bakteriya mənşəli xəstəliklər aşkar edilir. Layihənin əsas məqsədi də ölkəmizdə virusdan azad əkin materiallarının yetişdirilməsidir.