AZƏRBAYCAN-İRAN MÜNASİBƏTLƏRİ BUNDAN SONRA NECƏ OLACAQ?
Baxış sayı: 478
Məlum olduğu kimi 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu oldu. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirdi və səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Bu hadisədən 3 gün sonra Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti dayandırıldı. Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. Azərbaycanın İrandakı səfirliyinə edilən hücum BMT, NATO, Avropa İttifaqı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar tərəfindən qınanmışdır. Eyni zamanda, 60-dan çox ölkənin dövlət başçıları, xarici işlər nazirləri və səfirləri tərəfindən bu silahlı hücum terror aktı kimi pislənmişdir. Bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov söyləyib. Artıq hadisəni törədən şəxsin Yasin Hüseynzadə adlı İran vətəndaşı olduğu açıqlanıb. Onun İranın xüsusi xidmət orqanları, xüsusilə də SEPAH-la əlaqəli olduğuna dair şübhələr var. İranın bütün cəhdlərinə baxmayaraq, bu xain hücumun məqsədinin Azərbaycan səfirliyinə və diplomatlarına qarşı yönəldilmiş terror aksiyası olduğu artıq bəllidir. Üstəlik, İran polisi terrorun baş verməsinin qarşısını almaq üçün heç bir addım atmayıb. “İran tərəfindən tələb olunub ki, bu cinayət şəffaf şəkildə araşdırılsın, cinayətkarlar məsuliyyətə cəlb olunsun və Azərbaycan tərəfinə konkret məlumatlar təqdim edilsin”- deyə Xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında bildirib.