AZƏRBAYCAN DÜNYA ETNOSPORT KONFEDERASİYASINA ÜZV QƏBUL OLUNACAQ.

Bilal Ərdoğan çövkən milli oyunu üzrə Prezident Kubokunun mükafatlandırma mərasiminə qatılıb.Hazırda Azərbaycan Respublikası Atçılıq Federasiyasının Dünya Etnospor Konfederasiyasına üzvlüyü müzakirə olunur. Bu barədə

Binə Atçılıq Mərkəzinin qapalı manejində çövkən üzrə Prezident Kubokunun final görüşünü izləyən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Dünya Etnospor Konfederasiyasının prezidenti Bilal Ərdoğan jurnalistlərə açıqlamasında bildirib. Binə Atçılıq Mərkəzinin qapalı manejində çövkən milli oyunu üzrə Prezident Kubokunun medalçılarının mükafatlandırma mərasimi olub.Qalib "Omar", gümüş medalçı "Buta Golden" və üçüncü yerin sahibi "Polad" komandasını Dünya Etnosport Konfederasiyasiyasının prezidenti Bilal Ərdoğan və Dövlət Sərhəd Xidmətinin rəisi, Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev təltif ediblər.Səfər əsnasında Bilal Ərdoğan Bakıya səfərinin məqsədini də açıqlayıb:"Bu gün buraya gəlməyimizin səbəbi Azərbaycan Prezidenti İlham Əliyevin doğum gününə təsadüf edən çövkən milli oyunu üzrə Prezident Kubokunun finalı ilə bağlıdır. Bu yarış artıq 7-ci ildir ki, təşkil olunur. Azərbaycan Respublikası Atçılıq Federasiyası ilə oktyabr ayında İstanbulda təşkil olunan Etnospor Kültür Festivalında Qarabağ atları vasitəsi ilə işbirliyi həyata keçirdik. Onlar da bunun nəticəsi olaraq buradakı finala bizi dəvət etdilər. Biz də Azərbaycanın milli idman növü olan çövkənin finalını izlədik".O deyib ki, konfederasiya gənc olmasına baxmayaraq, 12 ölkədən üzvlük qəbul edilib.B.Ərdoğan ARAF rəsmilərini yaxın vaxtlarda Antalyada təşkil olunacaq tədbirə dəvət edəcəklərini söyləyib: "Tədbirdə 60-dan çox ölkə iştirak edəcək.Orada milli idman növlərinin gələcəyini müzakirə edəcəyik.Azərbaycanlı qardaşlarımızın da töhfələri bizim üçün dəyərli olacaq"deyə Bilal Ərdoğan bildirib.İyulda Gədəbəydə keçirilmiş Milli Yaylaq Festivalında iştirak etdiyini xatırladan konfederasiya rəhbəri Türkiyədə və türk dünyasında milli idman növlərinin inkişafı üçün çalışdıqlarını vurğulayıb: "Dünyanın hər tərəfində eyni işləri görmək istəyirik. Azərbaycanlı qardaşlarımızla yaxınıq. Buradakı beynəlxalq yarışlar uğurla keçib və təşkilatçılıq qabiliyyəti də yaxşıdır. İnanıram ki, Azərbaycanda milli idman növlərində də uğurlar olarsa, bu, Türkiyəyə də töhfə verəcək. Türkiyədəki hadisələr də buraya təsir edəcək. Biz öz mədəniyyətimizə və milli idman növlərimizə sahib çıxmalıyıq. Bu, bizim XXI əsrdə öz kimliyimizlə var olmağımızı təmin edəcək. Çövkəni Türkiyədə də tanıtmaq istədiklərini deyən B.Ərdoğan bunun üçün fürsətlərin olduğunu da diqqətə çatdırıb: "Bununla bağlı Türkiyədə yarışlar təşkil oluna bilər. İstanbul Kültür Festivalında da bu idman növü tanıdıla bilər. Bizdə qış festivalı da var. Çıldır gölü donduqdan sonra orada təşkil olunur. Çövkən idman növü burada da təşkil oluna bilər. Həmin göl Azərbaycana yaxın ərazidə - Qarsda yerləşir. Çövkən idman növü Anadoluda 200 ildir ki, unudulub. Bu idman növünü yenidən tanıtmaq və iki ölkə ölkə arasındakı münasibətlərə töhfə vermək istəyirik". B.Ərdoğanın fikrincə, çövkən beynəlxalq federasiyalar və qurumlar tərəfindən tanınması üçün başqa ölkələrə də gedib çıxmalıdır: Türkiyədə çövkən komandaları yaradıldıqdan sonra öz federasiyası da olacaq. Daha sonra bu federasiyalar arasında beynəlxalq federasiya qurmaq olar. Bu, əsasən idman növünü tanıtmaqdan asılıdır. Biz də çövkənin məşhurlaşması üçün işlərimizi davam etdirəcəyik".