Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi
şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmaqla bir tarix yazdı. Dövlətimizin başçısı burada çıxış etdi. Azərbaycan bayrağının Xankəndi və digər yaşayış məntəqələrində qaldırılması uzun illər erməni işğalı altında qalan torpaqlarımız üzərində dövlətimizin nəzarətinin tam şəkildə, de-fakto təmin edilməsi deməkdir. Xankəndi, habelə Ağdərə, Əsgəran və Xocalıda Azərbaycan bayrağının ucaldılması bütün Türk dünyasında qürur və sevinc doğuran tarixi hadisədir. Prezident İlham Əliyevin Xankəndi şəhərinə, Xocalıya və işğaldan azad edilmiş digər bölgələrə səfəri və həmin ərazilərdə Dövlət Bayrağını ucaltması, eləcə də bu bölgələrdə həyata keçirilən islahatlar, erməni separatçıların aldıqları layiqli cəza, həmçinin Qarabağ bölgəsinin çiçəklənməsi ilə bağlı layihələr barədə dövlətimizin başçısının söylədiyi fikirlər dünya mediasınında diqqətindən kənarda qalmadı. Belə ki, Dünyanın bir çox nüfuzlu KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndiyə səfəri və orada Dövlət Bayrağımızı ucaltması ilə bağlı xəbərlərə geniş yer ayırdılar. Dövlətimizin başçısı səfəri çərçivəsində Xankəndi şəhərinin ərazisinə də baxış keçirib. Artıq Xankəndi şəhərinə komendant da təyin edilib. Bununla bağlı müvafiq əmr imzalanıb. Xankəndi şəhərinin komendantı, polis general-mayoru Sərdar Səfərov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə raport verib.Məhz oktyabrın 15-də Prezidentimizin bu torpaqlara səfəri, üçrəngli bayrağımızı tarixi torpaqlarımızda yüksəltməsi bir daha göstərdi ki, Azərbaycanın Zəfəri tam və mübahisəsizdir. Baş verənlər bir daha sübut etdi ki, Prezident İlham Əliyev həqiqətən də nəyi, nə zaman etmək lazım gəldiyini yaxşı bilir və xalqın iradəsini çox böyük əzmlə, qətiyyətlə həyata keçirir. Dövlətimizin başçısı Xankəndidə bayraq qaldırmaqla yazdığı Qarabağ dastanının nöqtəsini qoydu, bilavasitə 20 illik fəaliyyətinin hesabatını verdi. Bu iyirmi illik tarix bizim uğur salnaməmizdir.
{youtube}orPHna4z9cQ{/youtube}