AZADLIQ TARİXİMİZİN 33 İLLİK QAN YADDAŞI
Baxış sayı: 476
20 Yanvar faciəsinin baş verməsindən 33-cü il ötür. 1990-cı ilin Qanlı Yanvar hadisəsinə aparan yol, azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987 – ci ildən başlayıb. Artan gərginliyin qarşısını almaq əvəzinə keçmiş sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət törədib. 1990 – cı il yanvarın 19-dan 20 - ə keçən gecə bir başa Sovet İttifaqı Komunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Mixail Qarbaçovun əmri ilə sovet ordusu Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib. Dinc əhali ağır texnikadan və müxtəlif tipli texnikadan atəşə tutularaq, kütləvi qətlə yetirilib. Azərbaycan xalqının haqq ədalətinin bərqərar edilməsi uğrunda səsini hiddətlə ucaldaraq imperiya buxovlarından bir dəfəlik qurtulmağa can atmasından təşvişə düşən SSRİ rəhbərliyi, əslində sovet-totalitar rejiminin süqutunu daha da tezləşdirdi. Sovet ordusu hissələrinin, xüsusi təyinatlı dəstələrin, Daxili Qoşunların iri kontingentinin və hətta SSRİ – nin ermənilərin sıx yaşadığı digər regionlarından olan ehtiyatdakı hərbçilərin iştirakı ilə həyata keçirilmiş hərbi təcavüz nəticəsində paytaxt Bakıda dincə əhaliyə divan tutuldu. Yüzlərlə insan qətlə yetirildi, yaralandı və itkin düşdü. Həmin qətliamdan 1 gün sonra yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Azərbaycanda vaxtında dərindən araşdırılmayan və adekvat qiymətini almayan faciəyə yalnız bir neçə il sonra Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildi. Azərbaycan Prezidentinin 20 yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında 1994 – cü il 5 yanvar tarixli fərmanında Azərbaycan Milli Məclisinə qanlı yanvar hadisələri ilə bağlı xüsusi sesiyanın keçirilməsinə baxmaq tövsiyə edildi. Milli Məclisinin 1994 – cü il martın 29 – da qəbul etdiyi qərarda 20 yanvar faciəsinin günahkarları konkret olaraq qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını və iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. 1990 – cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı, milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümumilli mənafelərin müdafiəsi naminə canlarından keçərək şəhidlik zirvəsinə ucalan vətən övladları, misilsiz fədakarlıqları ilə xalqımızın qəhramanlıq səlnaməsinə yeni parlaq səhifə yazdılar.