AZAD EDİLMİŞ 11 RAYONA ÖZ MAŞINIMIZLA GEDƏ BİLƏCƏYİK
Baxış sayı: 19
Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə fərdi avtomobillərlə səfərlərinin istiqamətləri genişləndirilir. Bu barədə Dövlət Turizm Agentliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi birgə bilgi yayıb. Verilən bilgiyə görə, bu addım "Böyük Qayıdış" proqramının tərkib hissəsi olaraq atılır. Belə ki, mayın 20-dən vətəndaşlar "Yolumuz Qarabağa" portalından əldə olunan icazə əsasında fərdi minik avtomobilləri ilə artıq Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Xankəndi, Xocalı və Ağdərə istiqamətlərində də səfər edə biləcəklər. İndiyə qədər portal vasitəsilə yalnız Şuşa, Laçın şəhərləri və Suqovuşan qəsəbəsinə səfər üçün icazə əldə etmək mümkün idi. "Yolumuz Qarabağa" portalı üzərindən rəsmiləşdirilən icazələr 2 gün müddətində etibarlı olacaq. Fərdi minik avtomobillərində səfər üçün 1 sürücü olmaqla, maksimum 9 nəfər üçün icazə alına bilər. Fərdi minik avtomobilləri dedikdə, ölkə vətəndaşlarına məxsus nəqliyyat vasitəsinin qeydiyyat nişanına malik, B kateqoriyasına uyğun nəqliyyat vasitələri nəzərdə tutulur. Fərdi minik avtomobillərini idarə edən şəxslər "Yolumuz Qarabağa" portalı üzərindən səfərlə bağlı qaydalar, mina təhlükəsizliyi barədə maarifləndirici bilgilərlə tanış olmalı, həmçinin bu barədə səfər edən şəxsləri bilgiləndirməli, mina təhlükəsizliyinə əməl etmək üçün işğaldan azad edilmiş ərazilərə daxil olduqdan və müvafiq yoxlanışdan keçdikdən sonra marşrutdan kənara çıxmamalı, yolayrıcılarında diqqətli olmalı və səfər marşrutu boyunca qaydalara əməl etməlidirlər. Vətəndaşlar həmçinin "Yolumuz Qarabağa" portalı vasitəsilə səfər etdikləri istiqamətlərdə fəaliyyət göstərən hotel və digər yerləşmə məntəqələri barədə məlumat əldə edə bilərlər.