“AY İŞIĞI”NIN NURUNA TOPLANANLAR

“Bu şeri oxuma mən olmayanda” deyən şair Şahin Fazillə görüş keçirilib. Avqustun 18-də “Ay İşığı” ədəbi məclisinin təşkilatçılığı ilə yerli şair və yazarların  tanınmış elm xadimi Şahin Fazil ilə görüş keçirilib.

Tədbiri ilk giriş sözü ilə “Ay işığı” ədəbi məclisinin sədri, şair publisist Ramiz Qusarçaylı açıb. Şahin Fazil yaradıcılığından, onları biri- birinə bağlayan sənət və həyat tarixçəsindən danışan şair Şahin Fazil yaradıcılığının heyranı olduğunu vurğulayıb. Görüşdə Qubalı şairlərlə yanaşı Şimal bölgəsinin tanınan şair və yazarları da toplanıb.  Tanınan elm xadiminə özlərinin ustadı kimi baxan şairlər onun həyat yolu şerlərindəki məzmun qədər zəngin və dəyərli olan maraqlı söhbətlərini dinləyib, şerləri onları öz ağuşuna alıb bir başqa aləmə aparıb. Şair, şərqşünas, tarixçi və tərcüməçi Şahin Fazilin həm məzmun, həm də dil baxımından maraqlı olan şerli, sözlü söhbətini dinləyən şairlər öz yazdıqları şerləri səsləndirib, ustad şairin fikirlərini dinləyiblər. Şahin Fazil 1940-cı ildə Quba şəhərində anadan olub. Burada orta məktəbi (1959), ADU-nun şərqşünaslıq fakültəsinin fars filologiyası şöbəsini fərqlənmə diplomu ilə bitirib(1964). Ədəbi fəaliyyətə 50-ci illərdə başlamışdır. İlk mətbu şeiri "Qız bənövşə" "Qızıl Quba" qəzetində dərc edilmişdir (1958). Keçən əsrin 60-cı illərindən dövri mətbuatda şeir və publisistik məqalələrlə müntəzəm çıxış edib.

Şahin Fazil  Əmək fəaliyyətinə Əfqanıstanda mütərcim kimi başlamışdır. 1963-1988-ci illərdə fasilələrlə on üç il həmin ölkənin müxtəlif şəhərlərində işləmiş (burada Əfqanıstanın 3 medalı və fəxri fərmanları ilə təltif olunmuşdur), Azərbaycan EA Tarix İnstitutunun aspiranturasında təhsilini davam etdirmışdir (1970-1973). Həmin institutda kiçik elmi işçi (1973-1983), böyük elmi işçi (1983-1996) olmuşdur.  Hazırda AMEA-nın Tarix İnstitunun aparıcı elmi işçisi olan Şahin Fazil üçün həyatda hər zaman qiymətli olan yalnız söz var. Özünün dediyi kimi bu dünyada yalnız söz qalır.