AVQUSTDA DƏHŞƏTLİ İSTİLƏR GÖZLƏNİLİR

Azərbaycanda isti hava şəraiti həftə sonunadək davam edəcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bilgi verilib. Havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-39, avqustun 2-3-də 40 dərəcəyə yaxın, dağlıq rayonlarda 29-34, Mərkəzi Aran, eyni zamanda Naxçıvan MR-da isə 35-40, bəzi yerlərdə 41 dərəcəyədək isti olacağı gözlənilir. Abşeron yarımadasında, o cümlədən sahilyanı ərazilərdə cənub-şərq küləyinin üstünlüyü gözlənilir ki, bu da havada nisbi rütubətin yüksəlməsinə və durğun hava şəraitinə səbəb olacaq. Qeyd edək ki, Avqust ayının 1 və 2-ci ongünlüyü yüksək temperatur ilə müşahidə olunacaq. Lakin havanın ümumi iqlim normasına yaxın olacağı ehtimalı böyükdür. Bunu “apa.az”a açıqlamasında Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi Rafiq İsmayılov deyib. “Avqustun 3-cü ongünlüyü isə keçid dövrünə yaxın olduğu üçün dəyişkən hava kütlələri üstünlük təşkil edəcək. Meridianal proseslər, şimaldan daxil olan hava kütlələri üstünlük təşkil edərsə, yağıntı müşahidə olunacaq. Bu zaman dağlıq və dağ ətəyi zonalarda sel hadisələri və daşqın nəticəsində çaylarda suyun səviyyəsi arta bilər”, - deyə o qeyd edib.