Ermənistanın Minsk qrupunun fəaliyyətinin bərpası ilə bağlı məsələni gündəmə gətirməsi heç də səbəbsiz deyil. Belə ki, bu fikir qərbin siyasi dairələrinin son
zamanlar ermənilərə dəstəyini gücləndirməsindən irəli gəlir. Bu həmin dövlətlərin siyasi riyakarlığı ilə yanaşı, həmçinin sülh müqaviləsinin imzalanması prossesinin daha da uzadılmasına doğru qəsdən atılmış bir addım kimi də qiymətləndirilə bilər. Qeyd edək ki, uzun illər Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar heç bir nəticə vermədi. Odur ki, bizim üçün bu qrupun yenidən canlandırılması qəbuledilməzdir. Xatırladaq ki, Minsk qrupu münaqişənin mövcud olduğu zaman yaradılmışdı. Artıq belə bir münaqişə yoxdur. Azərbaycan 44 günlük müharibədə qalib gəldi və bununla da qrup fəaliyyətinin bütün müddəalarını arxivə gömmüş oldu.