ANKARADA QƏRBİ AZƏRBAYCANA QAYIDIŞLA BAĞLI BEYNƏLXALQ KONFRANS KEÇİRİLİB

Türkiyənin Ankara şəhərində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfrans keçirilib. Qafqaz TV xəbər verir ki, konfransa Azərbaycan və Türkiyədən 250-ə yaxın iştirakçı, o cümlədən Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvləri, dövlət qurumlarının nümayəndələri, universitet rektorları, elm və iş adamları, qeyri-hökumət təşkilatlarının və media nümayəndələri qatılıb. Tədbir Azərbaycanın və Türkiyənin Dövlət himnlərinin səslənməsi ilə başlayıb. Sonra Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın və Türkiyənin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Daha sonra Qərbi Azərbaycan həqiqətləri və Qərbi Azərbaycan İcmasının fəaliyyəti, Qərbi azərbaycanlıların ləyaqətli şəkildə geri qayıdışı ilə bağlı Qərbi Azərbaycan Televiziyası tərəfindən hazırlanan film nümayiş etdirilib. Tədbirin açılışında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Konfrans iştirakçılarına müraciətini oxuyub. O, Türkiyədə belə bir tədbirin keçirilməsinin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edərək, konfransın işinə uğurlar arzulayıb. Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini, TBMM-nin üzvü Efkan Ala Qərbi Azərbaycanla bağlı Türkiyədə ilk belə konfransın keçirilməsinin tarixi əhəmiyyətindən danışıb. Konfrans işini panel müzakirələrlə davam etdirib. Qərbi Azərbaycanın tarixindən bəhs edən birinci paneldə tanınmış tarixçi professorlar çıxış ediblər. “Qərbi Azərbaycan: hüquqi və humanitar aspektlər” mövzusunda keçirilən ikinci paneldə TBMM-in komissiya sədrləri və professorlar çıxış ediblər. Konfransın bağlanış sessiyasında Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərov, TBMM-in üzvü, Ədalət və İnkişaf Partiyası sədrinin müavini Zafer Sırakaya, Milli Məclisin deputatı, “Azərbaycan-Türkiyə Evi” İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı və TBMM-in üzvü, Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım çıxış ediblər. Daha sonra iştirakçılar adından konfransın yekun sənədi qəbul edilib. Sonda xatirə şəkli çəkdirilib, iştirakçılara təşəkkürnamələr təqdim edilib.