ALMATIDA “QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ ÇAĞIRIŞLARI” BAŞ TUTDU

Qazaxıstanın Almatı şəhərində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları” adlı tədbir keçirilib. Tədbir Qazaxıstan və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Tədbirin açılışında çıxış edən səfirliyin nümayəndəsi Anar Hüseynzadə Qazaxıstanın Vətən müharibəsi dövründə nümayiş etdirdiyi mövqedən danışaraq, rəsmi Astananın Azərbaycanın ərazi bütövlüyünə göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğulayıb. Türkiyənin Almatı şəhərindəki baş konsulu Evren Müderrisoğlu qeyd edib ki, Türk dünyasının böyük şəxsiyyəti Heydər Əliyev öz müdrikliyi və geniş dünyagörüşü ilə yaşadığı dövrün fövqündə dayanmış bir lider idi. Milli Məclisin deputatı Naqif Həmzə çıxışında Qərbi azərbaycanlıların dədə-baba torpaqlarından qovulmasından bəhs edərək bildirib ki, Azərbaycan sərhədlərinin yaxınlığında soydaşlarının yaşadığı yeganə ölkədir. UNESCO-nun Mədəniyyətlərin Yaxınlaşdırılması Mərkəzinin sədri, yazıçı Oljas Süleymenov video çıxışında Heydər Əliyevin Azərbaycan və dünya üçün əhəmiyyətindən danışıb. Xalq şairi Sabir Rüstəmxanlı çıxışında müstəqil türk respublikalarının inkişafını vurğulayaraq, Qərbi Azərbaycana qayıdışla bağlı tədbirlərin bir çox ölkədə keçirildiyini bildirib. Layihə rəhbəri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü və “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər çıxışında Qərbi Azərbaycana dönüşün Qarabağa dönüş kimi reallaşacağına inamını ifadə edib. Daha sonra “Axısxa” qəzetinin baş redaktoru Rövşən Məmmədoğlunun moderatorluğu ilə “Türk dünyasında yeni çağırışlar” adlı panel keçirilib. Forum çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş sərgi də təşkil olunub. Sərgidə Heydər Əliyevin Mərkəzi Asiya və türk respublikaları ilə bağlı siyasətini əks etdirən görüntülər, eləcə də Qərbi Azərbaycandakı mədəni-tarixi irsimizə dair fotolar nümayiş olunub. Tədbirin sonunda yekun bəyanat qəbul edilib və xatirə şəkli çəkdirilib.