ALİ MƏKTƏBLƏRƏ QƏBULUN QAYDALARI DƏYİŞDİRİLDİ

Qüvvədə olan qərara əsasən, qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili fənnindən ayrıca imtahan verirlər.

İmtahanda abituriyentlərə Azərbaycan dili fənnindən 30 tapşırıq təqdim edilir. Abituriyentlərin toplaya biləcəyi maksimal bal 30 baldır. İmtahanın davametmə müddəti 1 saat 30 dəqiqədir. Bu imtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir və “məqbul” alanlar iki tədris ili üçün keçirilən müsabiqələrdə qəbul imtahanlarına buraxılırlar.Dəyişikliyə əsasən, imtahanın davametmə müddəti 45 dəqiqə olacaq. Qüvvədə olan qərara görə, ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə həyata keçirilir, 1 il qüvvədə olur və yalnız cari tədris ilində abituriyentə ali təhsil müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququ verir. Qəbul imtahanları hər tədris ilində iki dəfə – yaz və yay sessiyaları şəklində keçirilir. Abituriyent hər sessiyada istədiyi ixtisas qrupu üzrə yalnız bir imtahanda iştirak edə bilər.Dəyişikliyə əsasən, qəbul imtahanları hər tədris ilində iki dəfə – yaz və yay sessiyaları şəklində keçirilməsinə dair müddəa ləğv olunur. Eyni zamanda abituriyent I-IV ixtisas qruplarının yalnız biri üzrə qəbul imtahanında iştirak edə bilər. I-IV ixtisas qruplarından biri üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər. Qüvvədə olan qərara əsasən, ali təhsil müəssisələrinin I-IV ixtisas qrupuna daxil olan ixtisasları üzrə müsabiqə abituriyentin qəbul imtahanında topladığı ümumi bal əsasında aparılıb. Abituriyent eyni tədris ilində eyni qrup üzrə keçirilən bir neçə qəbul imtahanında iştirak etdiyi halda, müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özü müəyyən edib. Bu müddəa da ləğv olunub.Bu Qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir.