AHISKA TÜRKLƏRİNİN DEPORTASİYA OLUNMASINDAN 78 İL ÖTÜR

1944-cü il noyabrın 14-də 90 mindən çox Ahıska türkü Stalinin bir sərəncamıyla öz ata-baba yurdlarından - Gürcüstandan Orta Asiyaya və Sibir çöllərinə sürgün edilib. Ahıska türklərinin bu sürgün faciəsi də Xocalı faciəsi kimi bütün Türk Dünyasının yaralarından, dərdlərindən biri sayılır. Biz bu faciələri, faciə qurbanlarını unutmamalıyıq! Elə bu münasibətlə Qubada Axısqa türklərinin öz torpaqlarından deportasiya olunmasının 78-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, YAP rayon təşkilatının sədri, RİHB aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının və digər idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.Tədbir iştirakçıları əvvəlcə axıska türkü Vətən müharibəsi şəhidi Bayraxtarov Batdal Mikail oğlunun xatirəsinə Ağbil kəndində inşa edilmiş xatirə bilağını ziyarət ediblər. Sonra Quba rayonunun Şəhidlər Xiyabanı ziyarət edilmiş, ardınca isə Azərbaycan-Türkiyə Qardaşlıq Parkında tədbir keçirilmişdir.Tədbirdə çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Ali Baş Komandan İlham Əliyevə və qəhrəman hərbçilərimizə bu Qələbəni bizə yaşatdıqları üçün təşəkkür etdi. O, Bildirdi ki, Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqlar, o cümlədən axıska türkləri bir amal uğrunda yumruq kimi birləşərək şanlı zəfəri təmin etdi. Azərbaycanda yaşayan Axıska Türkləri Vətən İctimai Birliyi İdarə Heyətinin üzvü İsmayıl Rəhimov və təşkilatın Quba rayonu üzrə nümayəndəsi Səlimjan Rizmanov axısqa türklərinin keçdiyi məşəqqətli həyat yolundan danışaraq, ölkəmizdə bütün xalqlara, o cümlədən axısqa türklərinə göstərilən dövlət qayğısını qeyd etdilər. Tədbir məktəblilərin ifasında şəhidlərimizə həsr edilmiş şerlərin səsləndirilməsi ilə yekunlaşdı.