ADPU-NUN QUBA FİLİALINDA MİLLİ MƏTBUAT GÜNÜ QEYD OLUNUB
Baxış sayı: 567
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının təşkilatçılığı ilə 22 iyul – Milli Mətbuat gününə həsr olunmuş “Media və təhsil əlaqələri: reallıqlar və perspektivlər” elmi-praktik konfrans keçirilmişdir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının təşkilatçılığı ilə “Media və təhsil əlaqələri: reallıqlar və perspektivlər” elmi-praktik konfrans filialın Heydər Əliyev lektoriyasında keçirilmişdir. Əvvəlcə filialın kollektivi Quba şəhərində yerləşən Media – şəhidləri parkını ehtiramla ziyarət edərək, abidə önünə gül dəstələri düzdülər. Sonra media şəhidlərinin və Vətən uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə Konfrans öz işinə başladı. Giriş sözü ilə çıxış edən ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev Azərbaycanda milli mətbuatın, ana dilində ilk qəzetin nəşrə başlamasının 147 ilinin tamam olduğunu bildirdi. Hibrid formada təşkil edilən konfransda “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı “Təhsilin inkişafında medianın rolu”, “Çapar” jurnalının baş redaktoru Dilqəm Əhməd isə “Azərbaycan mətbuatında tariximizin təbliği” mövzularında məruzə etdilər.
Sonda Peşə fəaliyyətində media-təhsil əlaqələrinin sağlam qurulmasında göstərdiyi xüsusi xidmətlərə görə və 22 İyul-Milli Mətbuat Günü münasibətilə “Qafqaz” TV-nin Xəbər departamentinin rəhbəri Elçin Əsəd və ADPU-nun Quba filialının Heydər Əliyev lektoriyasının müdiri Leyla Nurullayeva Fəxri Diplomla təltif olundular.