ADPU-NUN QUBA FİLİALINDA AÇIQ DƏRS KEÇİRİLİB
Baxış sayı: 15
ADPU-nun Quba filialında Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Dərələyəz mahalının Keşkənd rayon İcmasının sədri, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Nağı qızının təqdimatında “Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərs keçirilib. Filialın Böyük zalında keçirilən tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan ADPU-nun Quba filialının direktoru, professor Yusif Alıyev qeyd edib ki, Qərbi Azərbaycan mövzusu bu gün dövlət siyasətinin prioritet istiqamətlərindən biridir: "Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfər bizə tarixi torpaqlarımıza, o cümlədən Qərbi Azərbaycana qayıdışın yolunu açmışdır. Bu gün keçirilən açıq dərs sadəcə elmi bir mühazirə deyil, həm də gənc nəslin milli kimlik şüurunun formalaşması və tarixi həqiqətlərin gələcək nəsillərə ötürülməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Professor Mahirə Hüseynova açıq dərsin əvvəlində doğma yurd həsrətindən, xalqımızın əsrlər boyu üzləşdiyi deportasiya və etnik təmizləmə siyasətinin acı nəticələrindən bəhs edib. O, vurğulayıb ki, Qərbi Azərbaycanın hər bir daşı, hər bir toponimi bizim qədim tariximizin möhürüdür. Məruzəçi, həmçinin özünün elmi tədqiqatlarının və tarixi faktlara əsaslanan xatirələrinin ən vacib nüanslarını əhatə edən kitabları barədə bilgi verib.
