ABŞ SÜLH SAZİŞİNİN BAĞLANMASINI DƏSTƏKLƏYİR

ANTONİ BLİNKEN İLHAM ƏLİYEVƏ ZƏNG EDİB Mayın 11-də Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında ABŞ Dövlət katibi Antoni Blinken ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə təbriklərini çatdırıb. O, həmçinin bu yaxınlarda Birləşmiş Ştatların Dövlət Departamentinin və ABŞ-ın Cənubi Qafqazın üç ölkəsində fəaliyyət göstərən səfirlərinin Azərbaycana səfər etdiklərini və səfər zamanı səmərəli müzakirələrin aparıldığını qeyd edib. ABŞ Dövlət katibi Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqları və bu xüsusda sülh sazişinin bağlanmasını dəstəklədiyini vurğulayıb və bunun regionda davamlı sülhün təmin olunmasına töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib. Antoni Blinken, həmçinin ABŞ-ın Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat xətlərinin açılması prosesinə dəstək verməyə hazır olduğunu vurğulayıb. Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirib. Prezident İlham Əliyev Azərbaycanın Ermənistan ilə münasibətləri normallaşdırmaq məqsədilə təqdim etdiyi 5 prinsipin Ermənistan tərəfindən qəbul edildiyini və Azərbaycanın bu prinsiplər əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu bildirib.