ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının nümayəndə heyəti Qubada səfərdə olub.Qubada səfərdə olan ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının nümayəndə heyətinin rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevlə görüşüb.
İcra başçısı Quba rayonunun tarixi, coğrafi vəziyyəti,sosial-iqtisadi və dini-etnik vəziyyəti barədə qonaqlara ətraflı məlumat verib. Qeyd olunub ki, 172 min nəfər əhalisi olan rayonda 20-ə yaxın müxtəlif xalqların nümayəndələri əsrlər boyudur ki, mehriban qardaşlıq şəraitində yaşayırlar. Qubada 25 islam 1-i yəhudi olmaqla ümumilikdə 26 dini icma var. Rayon üzrə 71 məscid və 2 sinaqoq fəaliyyət göstərir. İcra başçısı Ziyəddin Əliyev onu da vurğulayıb ki, rayonda Azərbaycan Respublikasının “Dini etiqad azadlığı haqqında” Qanunun tələblərinə ciddi əməl olunur, vətəndaşların dini etiqadlarını sərbəst şəkildə ifadə etməsinə və vicdan azadlıqlarına hərtərəfli şərait yaradılır, hörmət bəslənilir və heç bir maneəçilik törədilmir.Təşkil olunan müxtəlif festival və tədbirlərdə ayrı-ayrı xalqların mədəniyyətlərini,adət-ənənələrini təqdim etmələrinə xüsusi önəm verilir. ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının sədr müavini Qeyl Mançin Azərbaycana səfərlərinin mahiyyəti barədə məlumat verib.Azərbaycanın multikultural və tolerant dəyərlərini yüksək qiymətləndirdiyini bildirən qonaq çoxmillətli rayon kimi Qubanın dini və etnik dəyərlərini maraqla qarşıladıqlarını da vurğulayıb.Komissiyanın digər sədr müavini Nadın Menza isə dövlət-din münasibətlərinin mövcud vəziyyəti, bu sahədə Qubadakı durum barədə suallar ünvanlayıb. Görüş çərçivəsində ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının nümayəndə heyətini maraqlandıran məsələlər ətraflı cavablandırılıb. Qeyd edək ki, görüşdə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Uilyam Solley də iştirak edib.