30 AVQUST – TÜRKİYƏNİN ZƏFƏR BAYRAMI
Baxış sayı: 494
Avqustun 30-u Türkiyə tarixinin ən önəmli günlərindən biri - Zəfər bayramıdır. 1922-ci il avqustun 30-da Türkiyə ordusu Mustafa Kamal Paşanın komandanlığı altında Qurtuluş savaşının taleyini həll etdi. Belə ki, ordu zəfər qazanaraq ölkənin cənub-qərbini yunan işğalından azad edib. Türkiyəni 30 avqust zəfərinə və Cümhuriyyətə aparan yol çox çətin və mürəkkəb olub. 1920-ci ilin avqustunda Birinci Dünya müharibəsində ağır məğlubiyyətə düçar olan Osmanlı Türkiyəsi Paris yaxınlığındakı Sevr şəhərində müttəfiq Qərb dövlətləri tərəfindən masaya qoyulan təslimçi sazişə imza atmalı olmuşdu. Həmin sazişə görə, Osmanlı imperatorluğu 1914-cü ilə qədər olan ərazilərinin dörddə üçünü, o cümlədən indiki Türkiyənin böyük bir hissəsini itirirdi... 1921-ci ildə qalibiyyətlə başa çatan Sakarya savaşı türk ordusunun bu əzmini nümayiş etdirmişdi. 1922-ci ilin avqustundakı “Böyük Taarruz” zəfərinin təməli də Sakarya savaşında qoyulmuşdu. Zəfər bayramı ilk dəfə 1923-cü il avqustun 30-da Afyonqarahisar, Ankara və İzmirdə qeyd edilib. Rəsmi olaraq Zəfər bayramı 1936-cı ilin may ayında elan olunub. 30 avqust zəfəri türk xalqının və Türkiyənin tarixində yeni bir səhifə açdı. Bu zəfər sayəsində Sevr sazişi tarixin zibilliyinə atıldı. İrəlidə bütün vətən torpağında suverenliyi bərqərar etmək missiyası dururdu. Bir il sonra, 1923-cü il oktyabrın 29-da Mustafa Kamal Paşa Türkiyə Cümhuriyyətini elan etdi.